İtaliyadakı şokdan sonra “Ferrari”də qazan qaynayır: Vassör gedir?
“Ferrari” rəhbərliyi doğma İtaliya Qran-prisindəki uğursuz çıxışdan sonra komanda rəhbəri Frederik Vassörün fəaliyyətini yenidən dəyərləndirə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “The Race” nəşri “Skuderiya”nın 2026-cı il mövsümündəki problemlərini təhlil edərkən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Monsadakı yarışdan sonra Vassör üzərindəki təzyiq daha da artıb. Rəhbərlik bu mövsüm qəbul edilən bir sıra qərarları, o cümlədən bolidin texniki konsepsiyasını, mühərrikin inkişafı üzrə əlavə imkanlar sistemini (ADUO) və Lyuis Hemiltonla Şarl Lekler arasındakı münasibətləri qiymətləndirməli olacaq.
Xüsusilə iki pilot arasındakı gərginlik əsas problemlərdən biri kimi göstərilir. İtaliya Qran-prisində Hemilton sıralanma turu zamanı Leklerin onunla əməkdaşlıq etməməsindən narazılığını bildirib, yarışdan sonra isə “Ferrari”də dəyişikliklərin vacibliyini vurğulayıb:
“Yekun olaraq hər şey yuxarıdan gəlir və qərarlar vasitəsilə aşağıya ötürülür. Hər şey Freddən başlayır”, - deyə Hemilton bildirib.
Britaniyalı sürücü birbaşa Vassörün istefasını tələb etməyib, sadəcə komanda rəhbərinin öz səlahiyyətlərindən istifadə edərək daxili problemləri həll etməli olduğunu düşünür.
Əgər komanda rəhbərinin dəyişdirilməsi barədə qərar qəbul edilərsə, Vassörün əsas əvəzləyiciləri kimi “Ferrari”nin WEC proqramının rəhbəri Antonello Koletta və “Red Bull”un keçmiş rəhbəri Kristian Hornerin adları çəkilir.
Namiq HUN