Həyatı bahasına Avropa xəyalı: "Valyadolid" avtobusunda şok hadisə!
İspaniyanın "Valyadolid" futbol klubunun avtobusunda mərakeşli yeniyetmə aşkar edilib.
TodayPress TV xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilir ki, gənc oğlan Seutadan qayıdan komandanın avtobusunda təkərlə alt hissə arasındakı boşluqda gizlənərək 100 kilometr məsafə qət edib.
İspaniya Segundasında mübarizə aparan "Valyadolid" sentyabrın 20-də VI tur çərçivəsində səfərdə "Seuta" ilə 1:1 hesablı heç-heçə edib. Matçdan sonra komanda bərə ilə İspaniyanın kontinental hissəsinə qayıdıb. Bərə keçidi zamanı İspaniya Mülki Qvardiyası avtobusda heç bir kənar şəxs aşkar etməyib.
Klub Valyadolidə iki avtobusla yola düşüb. Səfər başlayandan təxminən bir saat sonra - nəqliyyat vasitəsi Kadis əyalətində, Sevilya yaxınlığında olarkən futbolçuların əyləşdiyi avtobusdan qəribə səslər gəlməyə başlayıb. Yoxlama zamanı arxa təkər zonasında bir yeniyetmənin gizləndiyi məlum olub.
Əldən düşmüş və çaşqın vəziyyətdə olan gəncə "Valyadolid"in tibbi heyəti tərəfindən ilkin yardım göstərilib, o, qida və su ilə təmin olunub. Müayinə zamanı ciddi xəsarət tapılmasa da, yeniyetmə belindəki ağrılardan şikayət edib. Daha sonra o, Mülki Qvardiyanın əməkdaşlarına təhvil verilib.
"Valyadolid"in vitse-prezidenti Xorxe Santyaqo hadisənin futbolçular və nümayəndə heyəti üçün əsl şok olduğunu bildirib:
"Birincisi, biz heç vaxt belə bir hallarla qarşılaşmamışdıq. İkincisi isə bir insanın başqa ölkəyə düşmək üçün həyatını necə təhlükəyə atdığını görmək bizi dəhşətə gətirdi".
Namiq HUN