“Hər dəfə korta çıxmaq bir hədiyyədir” – Alkarasın “US Open” etirafı
Böyük Dəbilqə turnirlərinin yeddiqat çempionu, dünya reytinqinin üç nömrəli raketkası Karlos Alkaras “US Open - 2026”nı qazanmağa hazır olub-olmadığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, ispan tennisçi bu barədə matçdan sonrakı mətbuat konfransında danışıb.
“Bu günkü oyunu və ümumilikdə turnirdəki çıxışınızı necə qiymətləndirirsiniz? Turnirin əvvəlində titul uğrunda mübarizə aparmağa hazır idinizmi və hazırda “US Open”i qazanmağa özünüzü hazır hiss edirsinizmi?” sualını Alkaras belə cavablandırıb:
“Qiymətim yüksəkdir, yaxşı deyərdim. Hazırda həm bugünkü oyunuma, həm də ümumilikdə turnirdəki çıxışıma 10 ballıq sistemlə 8 bal verərdim. Təkmilləşdirə biləcəyim çox şey var, həlledici məqamlarda özümü daha rahat hiss etmək istəyirəm, amma ümumilikdə işlərin gedişatından çox razıyam. Turnirin əvvəlində heç bir gözləntim yox idi: sadəcə bədənimin, xüsusən də biləyimin necə reaksiya verəcəyini görmək və yarışlara qayıtmaqdan həzz almaq istəyirdim. Dörd əla matçdan sonra artıq özümü turniri qazanmağa qadir hiss edirəm. Lakin eyni gözləntiləri və eyni yanaşmanı saxlayıram: hər dəfə korta çıxmaq bir hədiyyədir, həzz almaq vaxtıdır. Hələ də son günümün nə vaxt olacağını bilmədiyimi düşünürəm”.
Namiq HUN