Harri Keyn sükutu pozdu: “Təqdimat vaxtı idmançıya mane olur!”

Harri Keyn sükutu pozdu: “Təqdimat vaxtı idmançıya mane olur!”
24.09.2026 08:57 İdman

“Bavariya” klubunun və İngiltərə milli komandasının hücumçusu Harri Keyn “Qızıl top” mükafatının təqdimat mərasiminin vaxtının uğursuz seçildiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Standard” məlumat yayıb. 

Ulduz futbolçunun sözlərinə görə, mərasim keçirilən zaman artıq yeni mövsüm davam edir. Keyn yeni mövsümə kökləndiyi bir vaxtda keçmiş nailiyyətlərdən danışmağın çətin olduğunu vurğulayıb:

“Aydındır ki, son illərdə sosial şəbəkələr və ətrafındakı ajiotaj səbəbindən “Qızıl top” daha böyük əhəmiyyət kəsb etməyə başlayıb. Lakin düşünürəm ki, təqdimat vaxtı uğursuz seçilib. Çünki artıq yeni mövsüm başlayıb və sən diqqətini bu mövsümdə əldə edə biləcəyin uğurlara yönəltmisən. Amma hər oyundan sonra keçən il nail olduqların haqqında danışmalı olursan. Bunu anlamaq mənim üçün çətindir. Bu mükafatı qazanmaq möhtəşəm olardı, bununla fəxr edərdim.

Digər namizədlərin az və ya çox müsahibə verməsi, əlbəttə ki, ictimaiyyətin rəyinə və bu mövzuda olan müzakirələrə təsir edir. Amma münsiflər heyətinin buna baxacağını düşünmürəm. Onlar bütün statistikaya sahibdirlər və layiq olana səs verəcəklər”.

Qeyd edək ki, “France Football” jurnalı sentyabrın 8-də “Qızıl top – 2026” üçün namizədlərin siyahısını açıqlayıb. Mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda baş tutacaq. Keyn ötən mövsüm bütün turnirlərdə 73 qola imza atıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər