“Haas”da böyük seçim həyəcanı: Kamara mübarizədə önə keçdi!
“Haas” komandası 2027-ci il mövsümündə Esteban Okonun yerinə əsas namizədi tədricən müəyyənləşdirib.
TodayPress TV “Autoracer” nəşrinə istinadən xəbər verir ki, bu şəxs “Ferrari” Akademiyasının braziliyalı sürücüsü Rafael Kamaradır.
Onun namizədliyini komandanın sahibi Cin Haas fəal şəkildə müdafiə edir.
“Haas”ın rəhbəri Ayao Komatsu daha əvvəl 5 namizədin nəzərdən keçirildiyini bildirmişdi. Son aylarda təşkil olunan sınaq yürüşlərindən sonra Kamara və italiyalı Leonardo Fornaroli əsas namizəd kimi ön plana çıxıblar.
Komatsunun rəhbərlik etdiyi mühəndis heyətinin texniki qiymətləndirməsi ilə yanaşı, Cin Haas braziliyalı pilotun heyətə gətirilməsində daha qətiyyətli mövqe nümayiş etdirərək Kamaranın mübarizədə önə keçməsinə səbəb olub.
“Ferrari” Akademiyasının üzvü olan Kamara Maranello təmsilçisi üçün vacib gələcək investisiya hesab olunur. O, artıq “Formula-1” bolidləri ilə sınaq proqramını keçib.
Digər iddiaçı Leonardo Fornaroli də sınaqlar zamanı yüksək peşəkarlıq və hazırlıq səviyyəsi nümayiş etdirərək komandada müsbət təəssürat yarada bilib.
Namiq HUN