Gənc italiyalı pilot “Formula-1” taxtına vaxtından əvvəl oturdu
"Mercedes” komandasının 20 yaşlı italiyalı pilotu Andrea Kimi Antonelli “Formula-1” üzrə 2026-cı il mövsümünün qalibi adını vaxtından əvvəl təmin edib.
TodayPress TV xəbər verir ki, Antonelli Meksika Qran-prisində üçüncü yeri tutmaqla mövsümün yekunlarına əsasən dünya çempionu olmağı rəsmiləşdirib.
19-cu mərhələnin yarışında “Red Bull” komandasının pilotu Maks Ferstappen qalib gəlib. “Ferrari”nin yeddiqat dünya çempionu Lyuis Hemilton finiş xəttini ikinci keçib. Antonelli isə liderdən 4,006 saniyə geri qalaraq üçüncü olub.
Kimi yarışda 380 xal toplayaraq mövsümün başa çatmasına bir neçə mərhələ qalmış çempionluğunu təmin edib.
Qeyd edək ki, Andrea Kimi Antonelli “Formula-1” tarixində bir sıra digər rekordlara da sahibdir. O, “Kral yarışları” tarixinin ən gənc poul-pozisiya sahibi, şəxsi hesabda liderliyə yüksələn ən gənc pilotu, eləcə də yarışda ən sürətli dövrəni qeydə alan ən gənc pilotdur.
Meksika Qran-prisindən əvvəl Antonelli şəxsi hesabda komanda yoldaşı, britaniyalı Corc Rassellə 123 xal fərqi ilə liderlik edirdi. İtaliyalı pilotun çempionluğu vaxtından əvvəl təmin etməsi üçün Meksikada doqquzuncu və ya daha yüksək pillədə finişə çatması kifayət idi. Hətta Rassell yarışın qalibi olsaydı belə, Antonelli titulunu təmin edəcəkdi.
Beləliklə, italiyalı pilot “Formula-1” tarixində ən gənc çempionlar siyahısında birinci pilləyə yüksəlib.
Tarixin ən gənc “Formula-1” dünya çempionlarının ilk beşliyi belədir:
1. Andrea Kimi Antonelli (“Mercedes”) – 20 yaş, 68 gün (2026-cı il).
2. Sebastyan Fettel (“Red Bull”) – 23 yaş, 134 gün (2010-cu il).
3. Lyuis Hemilton (“McLaren”) – 23 yaş, 300 gün (2008-ci il).
4. Fernando Alonso (“Renault”) – 24 yaş, 59 gün (2005-ci il).
5. Maks Ferstappen (“Red Bull”) – 24 yaş, 73 gün (2021-ci il).
“Mercedes” komandasının italiyalı pilotu Andrea Kimi Antonelli “Formula-1” tarixində 2000-ci illərdə anadan olan ilk dünya çempionu kimi tarixə düşüb. O, 25 avqust 2006-cı ildə anadan olub. Bundan əvvəl “Formula-1” dünya çempionları arasında doğum tarixinə görə ən gənc pilot 13 noyabr 1999-cu ildə dünyaya gələn Lando Norris idi. Britaniyalı pilot 2025-ci il mövsümündə çempionluq titulunu qazanıb.
Xatırladaq ki, Antonelli “Formula-1”də debütünü 2025-ci ildə “Mercedes”in heyətində edib. İlk mövsümündə 150 xal toplayan italiyalı pilot şəxsi sıralamada yeddinci yeri tutub.
Namiq HUN