Quldurlar İran gəmisini ələ keçirdi - İçərisində 23 dənizçi var
Somali quldurları 23 nəfərin olduğu İran balıqçı gəmisini ələ keçirib.
TodayPress TV Report-a istinadla xəbər verir ki, "Azini" adlı gəmi Somalinin şimal-şərq sahillərində, Bandar-Beyla və Hafun şəhərləri arasındakı ərazidə ələ keçirilib.
Puntlend muxtar regionunun dəniz polisindəki mənbənin məlumatına görə, gəmidə 21 İran vətəndaşı və iki somalili mühafizəçi olub. Hücumda 12 quldur iştirak edib. Ekipaj üzvlərinin hazırkı vəziyyəti barədə hələlik məlumat yoxdur.
MSCIO xəbərdarlıq edib ki, ələ keçirilən gəmidən ticarət gəmilərinə hücumlar üçün üzən baza kimi istifadə oluna bilər.
Avropa İttifaqının "Atalanta" hərbi-dəniz əməliyyatı insidentlə bağlı araşdırmaya başlayıb. Əməliyyatın rəhbərliyi bölgədəki gəmiləri ehtiyatlı olmağa və şübhəli fəaliyyətlər barədə məlumat verməyə çağırıb.