Elcan Hacıyevdən vaxtsız vida: 1/8 finalda gözlənilməz məğlubiyyət!
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan təmsilçiləri növbəti görüşlərini keçiriblər.
TodayPress TV xəbər verir ki, çəkisi 90 kq-dək olan kişi cüdoçuların turnirində Elcan Hacıyev 1/8 final mərhələsində mundialla vidalaşıb.
Təmsilçimiz bu mərhələdə Fransa cüdoçusu Maksim-Qel Naqayap Hambu ilə qarşılaşmada məğlubiyyətlə üzləşib. Elcan Hacıyev bundan əvvəlki mərhələlərdə ABŞ təmsilçisi Aleksander Knaufu və kanadalı Kiqan Yanqı sıradan çıxararaq 1/8 finala adlamışdı.
Eyni çəki dərəcəsində mübarizə aparan Süleyman Şükürov ikinci görüşündə məğlub olaraq çempionatı tərk edib. 1/32 finalda Norveç cüdoçusu Kornelius Eylertsenə qalib gələn idmançımız növbəti mərhələdə Yaponiya təmsilçisi Qoki Tayimaya uduzub.
Çəkisi 70 kq-dək olan qadın cüdoçuların turnirində ölkəmizi təmsil edən Südabə Ağayeva da dünya çempionatında çıxışını başa vurub. Təmsilçimiz 1/32 final mərhələsində İspaniya cüdoçusu Ai Tsunoda Roustanta məğlub olaraq mübarizədən kənar qalıb.
Namiq HUN