Budvada böyük uğur: Boksçularımız U-17 Avropa çempionatını fəth edir!
Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatının beşinci günündə Azərbaycan milli komandasının boksçuları uğurlu çıxışlarını davam etdiriblər.
TodayPress TV xəbər verir ki, yarış gününün nəticələrinə əsasən, millimizin üç boksçusu 1/4 finala, iki idmançımız isə adını yarımfinala yazdırıb.
Nihad Məmmədli (48 kq) 1/8 final mərhələsində polşalı Filip Borkovski ilə qarşılaşıb və 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə inamlı qələbə qazanıb. Boksçumuz 1/4 finalda Akmal Dustiyevlə (Rusiya) üz-üzə gələcək.
İsmayıl Nəsirzadə (52 kq) Litva təmsilçisi Vakaris Kiseliunasa heç bir şans verməyərək 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə qalib gəlib. O, növbəti mərhələdə Qleb Qrinblatla (İsrail) döyüşəcək.
Məhəmmədəli İstamov (57 kq) irlandiyalı Martin Donovandan üstün olub. Təmsilçimiz 1/4 finalda Eleftherios Zurnatsislə (Yunanıstan) qarşılaşacaq.
Səma Abbasova (66 kq) 1/4 final çərçivəsində İsrail boksçusu Aleksandra Kerdol ilə döyüşün taleyini elə ikinci raunddaca həll edərək qələbə qazanıb. Yarımfinala yüksələn idmançımız rusiyalı İustina Anufriyeva ilə qarşılaşacaq.
Xumar Cəfərli (+80 kq) də Rumıniya təmsilçisi Aleksandra Liteanunu 5:0 (30:26, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə darmadağın edərək adını yarımfinala yazdırıb. O, yarımfinalda Sofiya Opalyuxla (Ukrayna) gücünü sınayacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinə vəsiqə təmin edən boksçularımız ən azı bürünc medalı özləri üçün təmin ediblər.
Turnirdə 1/4 final döyüşləri bu gün, yarımfinal qarşılaşmaları isə oktyabrın 9-da keçiriləcək.
Namiq HUN