Hər şey 2020-ni xatırladır: Pandemiya lənəti qapıda...
Bəşəriyyət 2020-ci ilin soyuq yanvarında görünməz bir düşmənlə üz-üzə qaldığını sanarkən, əslində qlobal siyasətin ən böyük simulyasiyalarından biri işə salınmışdı. O günlərdə hamı tibbi həllər axtarırdı; heç kim fərqinə varmırdı ki, dünya bir gecədə nəhəng laboratoriyaya çevrilib. İndi, 2026-cı ilin oktyabrında Şərqi Avropadan, xüsusən də Rusiyanın dərinliklərindən yeni infeksiya və vəba xəbərləri sızmağa başlayanda, o köhnə, qorxunc hipotez yenidən başımızın üzərini kəsir: Əgər altı il əvvəlki ssenari bu gün tam gücü ilə təkrarlanarsa, bizi necə bir dünya gözləyir?
Altı il əvvələ baxanda ilk diqqət çəkən məqam virusun özü yox, dünyanın ona verdiyi reaksiyadır.
2020-ci ildə Avropa xəritəsində sərhədlər bir anda yenidən görünməyə başladı. Şengenin sərbəst hərəkət prinsipi kağız üzərində qalmaqda davam etsə də, demək olar ki, bütün Aİ ölkələri müvəqqəti daxili sərhəd nəzarətləri və hərəkət məhdudiyyətləri tətbiq etdi. Bir neçə həftə ərzində illərlə qurulan “sərhədsiz Avropa” təsəvvürü fövqəladə vəziyyət qarşısında əridi.
Məsələ bununla da bitmədi. Pandemiya dövlətlərə insanları yalnız fiziki sərhədlərlə deyil, telefon ekranları üzərindən də izləməyin texniki imkanlarını geniş miqyasda sınaqdan keçirmək imkanı verdi. 2020-ci ilin sonuna qədər 31 ölkədə müxtəlif kontakt izləmə sistemləri tətbiq edilmişdi. Bəzi ölkələr Bluetooth-dan, bəziləri GPS və geolokasiyadan istifadə edirdi. Cənubi Koreyada karantin nəzarətində GPS, bank kartı əməliyyatları və müşahidə kameraları kimi məlumat mənbələrinin birləşdirildiyi sistemlərdən istifadə olunurdu. Avropada sonradan 19 ölkənin milli tətbiqləri bir-biri ilə əlaqələndirildi və sistem vasitəsilə milyonlarla risk məlumatı sərhədlər arasında ötürüldü.
2020-ci il böhranı dünyaya təkcə evdən işləməyi və ya “onlayn mədəniyyəti” öyrətmədi; fövqəladə vəziyyətlər zamanı dövlətlərin cəmiyyətləri necə idarə etdiyini və insanların hansı məhdudiyyətləri qısa müddətdə həzm edə bildiyini də göstərdi. Kütləvi panika və qeyri-müəyyənlik şəraitində əvvəllər normal sayılmayan qərarlar bir anda zəruri tədbir kimi qəbul edilə bilər.
Bu, pandemiyanın ən mühüm siyasi dərslərindən biri idi.
Bunun başqa bir adı da “peyvənd diplomatiyası” oldu. Peyvənd stibbi məhsul kimi qalmadı, dövlətlərarası münasibətlərdə təsir vasitəsinə çevrildi.
Xatırlayırsınızsa, Çin, Rusiya və Hindistan müxtəlif ölkələrə peyvənd tədarükü ilə yanaşı, öz siyasi təsirlərini də genişləndirməyə çalışırdı. 2021-ci ilin əvvəlinə dair məlumatlarda onlarla ölkənin bu üç dövlətdən peyvənd aldığı və ya almaq üçün razılaşma əldə etdiyi göstərilirdi. Beləliklə, bir virus qısa müddətdə səhiyyə məsələsindən diplomatik rıçağa çevrildi.
Pandemiya iqtisadi sistemin də zəif nöqtələrini üzə çıxardı. Tibbi maskadan çipə, dərmandan ərzağa qədər tədarük zəncirlərinin bir halqasında yaranan problem dünyanın digər ucunu titrədə bilirdi. Avropada dövlətlər ilk mərhələdə tibbi ləvazimat təminatı uğrunda rəqabət aparsa da, sonradan ümumi ehtiyat mexanizmləri yaratmağa məcbur oldular. Məsələn, Avropa Komissiyası 2020-ci ilin mayından etibarən üzv ölkələrə milyonlarla tibbi maska göndərməyə başladı.
Qlobal böhran heç vaxt yalnız bir sahədə qalmır. Virus səhiyyədən sərhədlərə, sərhədlərdən iqtisadiyyata, iqtisadiyyatdan diplomatiyaya, burdan da silaha keçdi. Bu təcrübə dövlətlərə həm zəifliklərini, həm də böhranda nəyə qadir olduqlarını göstərdi.
İndi dünya 2020-ci ilin əvvəlindəki dünya deyil. Qaynar nöqtələr çoxalıb, böyük güclər arasında etimadsızlıq dərinləşib, enerji və ərzaq təhlükəsizliyi geosiyasi silaha çevrilib, texnologiya və nəqliyyat xətləri uğrunda rəqabət sərtləşib. Bir tərəfdə Ukrayna müharibəsi, digər tərəfdə yaralı Yaxın Şərq, Qırmızı dəniz və Tayvan boğazı kimi həssas xəttlər var.
Belə bir mənzərədə yeni bioloji böhran boşluqda baş verməyəcək. O, artıq bir-birinə qarşı duran güclərin, sanksiyaların, bloklaşmanın və resurs savaşlarının ortasına bomba kimi düşəcək.
Dövlətlərin artıq təcrübəsi var. Altı il əvvəl nə baş verdiyini, cəmiyyətlərin necə reaksiya verdiyini, iqtisadiyyatların hansı nöqtələrdə qırıldığını və böhran zamanı hansı mexanizmlərin işə düşdüyünü bilirlər. Bu təcrübə növbəti böhran zamanı daha sürətli qərar verməyə kömək edə bilər. Amma eyni təcrübə daha sərt qərarlar üçün cəsarət də yarada bilər.
Növbəti böhran qarşısında sınaqdan keçmiş mexanizmləri, parçalanmış qlobal sistemi və bir-birinə daha az güvənən böyük gücləri görəcək.
Belə bir şəraitdə kiçik bir bioloji təhlükə belə daha böyük siyasi böhranın qığılcımına çevrilə bilər. Səssiz savaşın əsl təhlükəsi də məhz buradadır. Dünya bir dəfə bu ssenarini gördü. İkinci dəfə nələrin baş verə biləcəyini artıq təsəvvür etmək çətin deyil.
Ümid edək ki, bu təcrübə yeni böhranlara hazırlaşmaq üçün istifadə olunacaq, onları daha da dərinləşdirmək üçün yox.
Jalə Rövşən