Əbu-Dabi Qran-prisində mübahisəli epizodla bağlı rəsmi izah verildi

İdman

08.12.2025 03:30

“Maklaren”in pilotu, yeni dünya çempionu Lando Norrisin “Red Bull” sürücüsü Yuki Tsunodanı trasdan kənarda ötüb keçməsinə görə niyə cərimə almadığı məlum olub.

TodayPress TV xəbər verir ki, Əbu-Dabi Qran-prisinin stüardları qərarlarını xüsusi açıqlama ilə əsaslandırıblar.

“4 nömrəli avtomobil 22 nömrəli avtomobili trasdan kənarda ötüb. Lakin bu, 22 nömrəli avtomobilin mövqeyini qorumaq üçün bir neçə müdafiə manevri etməsi səbəbindən baş verib. Əgər 22 nömrəli avtomobil bu manevrləri etməsəydi, 4 nömrəli avtomobil onu tras daxilində keçəcəkdi, lakin toqquşmadan yayınmaq üçün trasdan kənara çıxmağa məcbur qalıb. Sürücülük standartları üzrə qaydalarda göstərilir ki, əgər pilot “məcburi şəkildə trasdan kənara çıxırsa”, bu hal qəsdən hesab olunmur. Texniki baxımdan ötmə trasdan kənarda baş versə də, yuxarıda qeyd olunanlara əsasən əlavə tədbir görməmək qərarına gəldik”, - deyə açıqlamada bildirilir.

Xatırladaq ki, Lando Norris yarışı üçüncü yerdə başa vuraraq 2025-ci il mövsümünün Formula-1 üzrə dünya çempionu olub.

tag: Əbu-Dabi,Qran-pri,Maklaren, Lando Norris,Todaypress.tv,