Dünya çempionatında iki medal ümidimiz: Cüdoçularımız bürünc üçün tatamiyə çıxacaq!
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin iki üzvü medal qazanmaq şansını saxlayır.
TodayPress TV xəbər verir ki, Xədicə Qədəşova və Məhəmməd Musayev bürünc medal uğrunda görüşə çıxacaqlar.
57 kq çəki dərəcəsində mübarizə aparan Xədicə Qədəşova yarımfinalda Monqolustan təmsilçisi Ariunzaya Terbişə məğlub olub. Cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.
66 kq-da çıxış edən Məhəmməd Musayev də yarımfinalda rusiyalı Abdullax Parçiyevə uduzub. O da bürünc medal uğrunda mübarizə aparacaq.
Digər Azərbaycan təmsilçilərindən Nərgiz Əhmədova (48 kq) 1/8 finalda rusiyalı Sofiya Zaxarovaya, Ayxan Mirzəzadə (60 kq) isə Gürcüstan təmsilçisi Luka Omanadzeyə məğlub olaraq yarışı başa vurublar.
Aysun Məmmədova (52 kq) 1/16 finalda kanadalı Rima Burihana, Vüsalə Hacıyeva (57 kq) isə Sloveniyadan olan Nika Tomtsa uduzaraq mübarizəni dayandırıblar.
Namiq HUN