Kallas niyə Ukrayna danışıqlar qrupuna daxil edilmədi? - İDDİA

Kallas niyə Ukrayna danışıqlar qrupuna daxil edilmədi? - İDDİA
19.11.2026 12:44 Dünya

Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Ukrayna ilə bağlı danışıqlarda Avropanı təmsil edəcək qrupa daxil edilməyib. Buna səbəb onun Rusiyaya qarşı sərt mövqeyi və aparıcı Avropa ölkələrinin xarici siyasət qərarlarını Brüsselə həvalə etmək istəməməsidir.

TodayPress TV xəbər verir ki, bu iddiaları “The Guardian” qəzeti yayıb.

Məlumata görə, məsələ Dublin sammitində Avropa liderləri arasında müzakirə olunub. Ukrayna Prezidenti Volodimir Zelenskinin vahid Avropa nümayəndəsi təyin edilməsi çağırışına baxmayaraq, liderlər fərqli format üzərində razılaşıblar.

Danışıqlar qrupuna Avropa Şurasının prezidenti Antonio Koşta, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen, eləcə də Fransa, Almaniya, Böyük Britaniya, Polşa və İtaliyanın nümayəndələri daxil edilib. Qrupun NATO və ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə əməkdaşlıq edəcəyi bildirilir.

Nəşr yazır ki, bəzi Qərbi Avropa ölkələri Kallasın Moskva ilə bağlı mövqeyini danışıqlar üçün həddindən artıq sərt hesab edir. Eyni zamanda, Paris və Berlin kimi aparıcı paytaxtlar beynəlxalq məsələlərdə qərarvermə səlahiyyətlərini Brüsselə verməkdə maraqlı deyil.

Kallasın Ursula fon der Lyayenlə münasibətlərindəki fikir ayrılıqlarının da bu prosesə təsir etdiyi qeyd olunur.

İspaniya və Litva isə Avropanın danışıqlarda vahid nümayəndə ilə təmsil olunmasını dəstəkləyib. Litvanın xarici işlər naziri Kestutis Budris Aİ-nin 27 üzv ölkə adından vahid səslə danışmalı olduğunu bildirib.

Kaya Kallas isə təşkilati məsələləri Avropa liderlərinin ixtiyarına buraxdığını və danışıqların məzmununa diqqət yetirəcəyini açıqlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər