Dünya çempionatı risk altındadır? FIFA-dan qəti cavab

İdman

25.02.2026 09:25

FIFA prezidenti Canni İnfantino Meksikadakı gərgin vəziyyət fonunda 2026-cı il dünya çempionatının keçirilməsi ilə bağlı narahatlıqlara münasibət bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə AS nəşrinə danışıb:

“Vəziyyət sakitdir, hazırda hər şey normaldır. Ümumilikdə turnir problemsiz keçməlidir.”

Fevralın 24-də Meksika Silahlı Qüvvələrinin xüsusi əməliyyatı nəticəsində ölkənin ən iri narkokartellərindən biri - “Yeni Nəsil Xalisko” (CJNG) qruplaşmasının lideri Nemesio Osegera (El Menço) zərərsizləşdirilib.


Hadisədən sonra ölkənin bir neçə şəhərində iğtişaşlar başlayıb. Xüsusilə Qvadalaxara şəhərində - hansı ki, dünya çempionatı  oyunlarına ev sahibliyi edəcək - avtomobillər yandırılıb və yollar bağlanıb.

Qeyd edək ki, dünya çempionatı 11 iyun – 19 iyul 2026 tarixlərində ABŞ, Meksika və Kanadada təşkil olunacaq. Meksikada oyunların Mexiko Siti, Monterrey və Qvadalaxara şəhərlərində keçirilməsi planlaşdırılıb. 


FIFA rəhbərliyi təhlükəsizlik məsələlərinin nəzarət altında olduğunu bildirir və turnirin planlaşdırıldığı kimi keçiriləcəyini vurğulayır.

Namiq HUN

TodayPress TV

tag: FİFA,Canni İnfantino,Çempionat,2026,Todaypress.tv,