Çinli döyüşçüyə hücum cəhdi? UFC prezidenti qalmaqala reaksiya verdi!
UFC prezidenti Dana Uayt PFL-in məğlubedilməz çempionu Usman Nurmaqomedovun Şanxayda keçirilən “UFC Fight Night 286” turnirindəki davranışı barədə fikirlərini bildirib.
TodayPress TV xəbər verir ki, Usman Nurmaqomedov doğma qardaşı Umarın məğlubiyyətindən sonra qəfəsə daxil olanda qələbəni qeyd edən Sonq Yadonqla az qala toqquşacaqdı.
“Bəziləri deyir ki, Usman Nurmaqomedov Sonqa az qala zərbə endirəcəyi an həddini aşdı… O an o, kesinliklə həddini aşdı, bəli, bununla razıyam”, — deyə Dana mətbuat konfransında bildirib.
Xatırladaq ki, Şanxayda Usmanın doğma qardaşı Umar Nurmaqomedov döyüşürdü. Çinli Sonq Yadonq Umarı ikinci raundda nokauta salıb. Bundan dərhal sonra Usman qardaşının vəziyyətini yoxlamaq üçün çəpərdən tullanaraq oktaqona daxil olub. Bu məqamda o, qələbəni qeyd edən Yadonqla toqquşub. Bəzi ekspertlər rusiyalı döyüşçünün çinliyə dirsəklə zərbə endirməyə çalışdığını düşünürlər. Usman isə çinliyə xəsarət yetirmək niyyətində olmadığını bəyan edib.
Namiq HUN