Çempionluq heyətinə möhtəşəm güclənmə: Entso Fernandes “Siti”də!
“Çelsi”nin argentinalı yarımmüdafiəçisi Entso Fernandes “Mançester Siti”yə keçidini tamamlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Mançester təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, Entso Fernandes Mançester təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.
“Mançester Siti”nin texniki direktoru Uqu Viana “Çelsi”nin yarımmüdafiəçisi Entso Fernandesin transferi haqqında fikirlərini bölüşüb.
“O, universal futbolçudur: texniki cəhətdən istedadlı, zəhmətkeş, mübarizdir və qol vurmağı bacarır. Müxtəlif futbol üslublarında effektiv çıxış etməyə qadirdir. Topa nəzarət edərək oynamaq onun üçün rahatdır, lakin eyni zamanda sürətli əks-hücumlarda da özünü əla hiss edir.
25 yaşında artıq iki Dünya Çempionatının finalında oynaması və bir neçə ölkədə böyük titullar qazanması hər şeyi deməyə əsas verir. Bu, onun mentaliteti, peşəkarlığı və texniki keyfiyyətləri haqqında çox şeydən xəbər verir. Onun transferinə çox şadıq və komandamızı daha da gücləndirəcəyinə əminik.
“Mançester Siti”dəki hər kəs Entsonu səmimi qəlbdən salamlayır və karyerasının yeni mərhələsində ona uğurlar arzulayır. Onu tezliklə səma mavisi formada görməyi səbirsizliklə gözləyirik”, — deyə Viana bildirib.
“Transfermarkt” portalının məlumatına görə, bu transfer “Mançester Siti”yə 145 milyon avroya başa gəlib.
Qeyd edək ki, Entso Fernandes 2023-cü ilin yanvarından “Çelsi”də çıxış edirdi. Futbolçu bu müddət ərzində bütün turnirlərdə 170 oyunda iştirak edib, 31 qol və 30 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” portalında futbolçunun bazar dəyəri 100 milyon avro qiymətləndirilir.
Namiq HUN