Balotelli İtaliya futbolunun gələcəyi ilə bağlı həyəcan təbili çaldı

Balotelli İtaliya futbolunun gələcəyi ilə bağlı həyəcan təbili çaldı
02.09.2026 08:30 İdman

“Mançester Siti” və İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli İtaliya futbolunda yaşanan problemlərin səbəbləri barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, o, bu barədə “The Guardian” nəşrinə danışıb.  

Balotelli hesab edir ki, italyan futbolunun geriləməsinin əsas səbəblərindən biri uşaqların əvvəlki kimi küçələrdə və parklarda futbol oynamamasıdır.

“Problemlər çox sadədir. Texniki deyil, praktiki izah verməyə üstünlük verirəm. Biz uşaq olanda saatlarla futbol oynayırdıq. Yadımdadır, anam mənə əsəbiləşirdi, çünki topu görmək mümkün olmayacaq qədər hava qaralana kimi küçədə qalırdım.

Bu gün Breşiya kimi şəhərlərdə gəzəndə parklardakı futbol meydançalarının boş olduğunu görürəm. Orada heç kim yoxdur. Kompüterlər, telefonlar və “PlayStation” çox şeyi korlayıb. Amma əsas məsələ valideynlərin münasibətinin dəyişməsidir.

Bu gün 7 yaşlı uşaq üç gündən bir cəmi iki saat futbol oynaya bilər. Halbuki istedadlar küçələrdə və parklarda yetişir. Biz çox oynayır, çox şey öyrənir və özümüzdən yaşca böyük uşaqlara qarşı mübarizə aparırdıq.

İndi isə uşaqlar telefon qarşısında otururlar. Onlar Ronaldinyo olduqlarını düşünürlər, çünki onun videolarına baxırlar. Mən isə Ronaldo olduğumu düşünürdüm, çünki onun fintlərini həyətdə təkrarlaya bilirdim. Bu, tamamilə fərqli məsələdir”, – deyə Balotelli bildirib.

Qeyd edək ki, Balotelli yanvar ayından BƏƏ-nin “Əl-İttifaq” klubunda çıxış edir. O, daha əvvəl Avropanın “Cenoa”, “Montsa”, “Breşiya”, “Marsel”, “Nitsa”, “Liverpul”, “Mançester Siti”, “Milan” və “İnter” kimi klublarının formasını geyinib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər