ABŞ-nin iki kəşfiyyat dronu ələ keçirildi - SEPAH-dan İDDİA
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) radioelektron mübarizə vasitəsilə Amerikanın MQM-170 kəşfiyyat pilotsuz uçuş aparatının ələ keçirilməsi və Hörmüz boğazı üzərində başqa bir MQ-1 PUA-nın məhv edilməsi barədə məlumat verib.
TodayPress TV xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
İran tərəfinin məlumatına görə, hər iki hadisə Fars körfəzi bölgəsində qeydə alınıb.
SEPAH-ın bəyanatına əsasən, MQM-170 pilotsuz uçuş aparatı Hörmüz boğazının qərbində radioelektron mübarizə əməliyyatı zamanı ələ keçirilib. İran hərbçiləri aparatın, demək olar ki, zərər görməmiş vəziyyətdə yerə endirilməsinə nail olduqlarını iddia edirlər.
Korpusun məlumatına görə, PUA Fars körfəzinin sahilyanı zonasında və Hörmüz boğazı ərazisində yerləşən İranın hava hücumundan müdafiə sistemləri haqqında məlumat toplamaq məqsədilə kəşfiyyat missiyası həyata keçirirdi.
SEPAH-ın hərbi-dəniz qüvvələrinin mütəxəssisləri aparatdan çıxarılan məlumatları araşdırıb və onun Fars körfəzinin cənubundakı ölkələrdən birinin sahilindən havaya qalxdığını müəyyən ediblər. Lakin İran tərəfi söhbətin konkret hansı dövlətdən getdiyini dəqiqləşdirməyib.
Hörmüz boğazının şərq hissəsinin səmasında Amerikanın MQ-1 pilotsuz uçuş aparatının ələ keçirilməsi və məhv edilməsi barədə də məlumat yayılıb. Aparat SEPAH-ın hərbi-kosmik qüvvələrinin arsenalına daxil olan yeni, ən müasir hava hücumundan müdafiə sistemi ilə vurulub.
İran hərbçiləri bu hadisəni Amerikanın pilotsuz uçuş aparatının məhv edilməsinin 14-cü halı kimi qiymətləndiriblər.
Aysel Mətləb