ABŞ F-22-ləri Çinin burnunun dibinə gətirdi: Savaş hazırlığı?
ABŞ Hərbi Hava Qüvvələri Alyaskada yerləşən 525-ci Ekspedisiya Qırıcı Eskadrilyasına məxsus F-22 Raptor gizli qırıcılarını və Luizianadan F-15C Eagle təyyarələrini Yaponiyanın Kadena Hava Bazasına yerləşdirib.
TodayPress TV xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Bu addım ABŞ-nin Hind-Sakit Okean regionunda hərbi mövcudluğunu gücləndirmək və mümkün təhlükələrə operativ cavab vermək strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
Okinava adasında yerləşən Kadena Hava Bazası Tayvandan təxminən 650–700 kilometr məsafədədir. Bu mövqeyi bazanı Tayvan boğazında yarana biləcək hərbi gərginliyə müdaxilə baxımından ABŞ-nin regiondakı mühüm dayaq nöqtələrindən birinə çevirir.
F-22 qırıcılarının yerləşdirilməsi Vaşinqtonun Tayvan ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə hərbi imkanlarını qısa müddətdə səfərbər etmək niyyətindən xəbər verir. Qırıcıların rotasiya qaydasında göndərilməsi Kadena bazasının regiondakı əməliyyatlara hazır vəziyyətdə saxlanmasına imkan verir.
Bununla yanaşı, bazanın Çin ərazisinə yaxınlığı mümkün hərbi münaqişə zamanı risklər də yaradır. Kadena Çinin ballistik raketləri üçün potensial hədəflər sırasına düşə bilər.
ABŞ-nin qabaqcıl döyüş təyyarələrini Yaponiyada yerləşdirməsi, eyni zamanda, Pekinə hərbi və strateji mesaj kimi qiymətləndirilə bilər. Görünür, Tayvan ətrafında artan gərginlik fonunda Vaşinqton regiondakı çəkindirmə imkanlarını qorumağa çalışır.
Jalə Rövşən