Argentina hökumətindən görünməmiş qərar: 13 min azarkeş hədəfdə
Argentina hakimiyyəti aliment borcu olan təxminən 13 min nəfərin siyahısını ABŞ tərəfinə təqdim edib ki, onların futbol üzrə dünya çempionatının oyunlarına girişinə məhdudiyyət qoyulsun.
TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Miki Cunior sosial şəbəkədə paylaşım edib.
Məlumata görə, bu addım uşaqlarının maddi təminatından yayınan valideynlərin məsuliyyətə cəlb olunmasını və öhdəliklərini yerinə yetirməyə təşviq edilməsini hədəfləyir.
"Əgər onlar öz uşaqlarını təmin etmirlərsə, stadionlara daxil olmalarına da icazə verilməyəcək", - deyə Buenos-Ayresin meri Xorxe Makri bildirib.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatı iyulun 19-da başa çatacaq.
Argentina millisi mundialdakı ilk oyununu iyunun 17-nə keçən gecə Əlcəzair yığmasına qarşı keçirəcək. Komanda qrup mərhələsində daha sonra Avstriya və İordaniya milliləri ilə üz-üzə gələcək.