Anasının arzusuna qarşı çıxan ulduz: Mbappe “Liverpul”u niyə rədd etdi?
Madridin “Real” klubunun hücumçusu Kilian Mbappe 2017-ci ildə “Monako”dan “Liverpul”a keçməyə çox yaxın olduğunu, lakin sonda “Pari Sen-Jermen”i seçdiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
“Mən “Liverpul”a keçməyə çox yaxın idim. Anam Yurgen Kloppun böyük azarkeşi idi və onun mənim üçün ən sevdiyi variant “Liverpul” idi. O, oraya keçməyimi istəyirdi.
Anam danışıqların ilk mərhələsi üçün oraya getdi, şəhəri, stadionu gəzdi, insanlarla tanış oldu. Anam deyirdi: “Bu, möhtəşəm klubdur, hər kəs çox mehribandır, bu, ailə klubudur, böyük klubdur”.
Xatırlayıram, biz təyyarədə idik və Klopp öz layihəsindən danışarkən biz dövrə vurub havada uçurduq.
Dedim: “Məni inandırmağa ehtiyac yoxdur. Siz Yurgen Kloppsuz, bu da “Liverpul”dur - böyük klubdur. Əlbəttə, buradayamsa, deməli, maraqlanıram. Amma mənim başqa variantlarım, başqa yaxşı layihələrim də var”.
Bu, maraqlı bir əhvalatdır. Lakin sonda PSJ-yə keçmək qərarına gəldim, çünki Parisdə doğulub boya-başa çatan bir insan kimi doğma şəhərimdə ulduz ola biləcəyimi sübut etməkdən daha gözəl heç nə yox idi”, - deyə Mbappe bildirib.
Nəticədə 18 yaşlı Mbappe Fransada qalmağa və karyerasını PSJ-də davam etdirməyə qərar verib. Paris təmsilçisi ilk olaraq hücumçunu “Monako”dan 2017/2018-ci illər mövsümü üçün icarəyə götürüb, daha sonra isə onun transfer hüquqlarını 180 milyon avroya satın alıb. Fransalı futbolçu 2024-cü ilə qədər PSJ-də çıxış etdikdən sonra Madrid “Real”ına keçib.
Namiq HUN