Universitetlər Bakıdan KÖÇÜRÜLÜR: Yeni ünvanlar – SİYAHI
Elm və Təhsil
13.03.2026 17:31
"Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində paytaxtdakı bəzi ali təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsi və regionlarda yeni universitetlərin yaradılması məsələsi müzakirə olunur.
Təhsil eksperti Ramin Nurəliyev bu barədə TodayPress TV-yə açıqlamasında bildirib ki, təşəbbüs ölkə rəhbərliyi tərəfindən irəli sürülüb və ali təhsil sistemində müəyyən struktur dəyişikliklərini nəzərdə tutur.

Onun sözlərinə görə, əsas məqsədlərdən biri Bakı şəhərində nəqliyyat sıxlığını azaltmaq və universitetlər üçün daha geniş imkanlar yaratmaqdır:
"Beynəlxalq təcrübədə də ali məktəblərin əsasən şəhərdən kənarda yerləşən kampus tipli ərazilərdə fəaliyyət göstərməsi daha səmərəli hesab olunur. Kampus modeli universitetlərə geniş infrastruktur qurmaq imkanı yaradır. Belə ərazilərdə yataqxanalar, laboratoriyalar, fakültə binaları, idman obyektləri və digər tədris infrastrukturu bir məkanda yerləşdirilə bilər. Xüsusilə praktik yönümlü ixtisasların keyfiyyətli tədrisi üçün müasir maddi-texniki baza vacibdir".
Ekspert əlavə edib ki, hazırda bəzi mühəndislik ixtisaslarında tələbə marağının aşağı olmasının səbəblərindən biri də universitetlərdə praktiki tədris imkanlarının məhdud olmasıdır. Onun fikrincə, maşın mühəndisliyi, inşaat mühəndisliyi və geologiya mühəndisliyi kimi sahələr üzrə tələbələr əsasən nəzəri biliklərlə kifayətlənir, halbuki bu istiqamətlər üzrə praktiki təlim imkanları yaradılmalıdır:
"Bu məqsədlə bəzi mühəndislik yönümlü universitetlərin şəhərdən kənarda yerləşən kampuslara köçürülməsi məqsədəuyğun ola bilər. Xüsusilə şəhərin mərkəzində yerləşən universitetlərin belə dəyişikliklərə ehtiyacı var. Məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti paytaxtın ən mərkəzi nöqtələrindən birində yerləşir və əsasən bir neçə korpusdan ibarətdir. Bakı Dövlət Universitetinin ərazisi nisbətən geniş olsa da, ümumi mənzərədə bir çox universitetlərin fəaliyyəti məhdud ərazilərdə təşkil olunub".
Ramin Nurəliyevin fikrincə, ilk növbədə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti köçürülə bilər. Bundan əlavə, Bakı Dövlət Universiteti, Memarlıq və İnşaat Universiteti, Texniki Universitet və Pedaqoji Universitet kimi ali məktəblərin də şəhərdən kənarda yerləşən kampuslara köçürülməsi məqsədəuyğun ola bilər:
"Universitetləri mütləq Bakıdan başqa şəhərlərə köçürmək şərt deyil. Paytaxtın kənar ərazilərində, Sahil, Lökbatan, Hövsan, Türkan və Binə istiqamətlərində yeni universitet şəhərcikləri yaratmaq mümkündür. Dövlət Gömrük Komitəsinin Akademiyası belə kampus modelinə nümunə hesab oluna bilər. Regionlarda ali təhsil müəssisələrinin sayının artırılmasının da vacib olduğunu vurğulanıb. Beynəlxalq təcrübədə ali təhsil alanların sayı adətən əhalinin 3-4 faizini təşkil edir. Azərbaycanda isə hazırda bu göstərici təxminən 2.1-2.2 faiz səviyyəsindədir və təxminən 210 min tələbə ali təhsil alır".
O vurğulayıb ki, bu göstəricini artırmaq üçün regionlarda yeni universitetlərin yaradılması məqsədəuyğun ola bilər. Xüsusilə Quba-Xaçmaz bölgəsində, eləcə də Şəki-Zaqatala iqtisadi rayonunda müstəqil dövlət universitetlərinin fəaliyyət göstərməsi vacibdir.
"Bundan əlavə, Mərkəzi Aran bölgəsində, Hacıqabul, Şirvan, Saatlı, Sabirabad və İmişli istiqamətlərində də yeni ali təhsil müəssisələrinin yaradılması regionların inkişafına və Bakıdakı tələbə axınının azalmasına müsbət təsir göstərə bilər", - deyə təhsil eksperti fikrini tamamlayıb.
Türkan İsgəndərli
tag: Təhsil eksperti Ramin Nurəliyev,Universitet,Bakı,Köçürülmə,Şəhər,Ali məktəb,Todaypress.tv,
