Tələbə təqaüdlərində PROBLEM: Ballar kəsilir?
Elm və Təhsil
02.03.2026 16:37
Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, universitet tələbələri əlaçı təaqüdü almaqda çətinlik çəkirlər. Buna səbəb balların məqsədyönlü şəkildə kəsilməsidir.

Mövzu ilə bağlı TodayPress TV-yə təhsil eksperti Ramin Nurəliyev bu məsələ ilə bağlı narazılıqların hər semestrdən sonra gündəmə gəldiyini vurğulayıb.

O hesab edir ki, universitet rəhbərliyinin və müəllimlərin təqaüdün verilib-verilməməsində maraqlı olması məntiqi deyil:
"Tələbə təqaüdləri ali təhsil müəssisələri tərəfindən deyil, dövlət tərəfindən maliyyələşdirilir. Bu səbəbdən müəllim və ya universitet rəhbərliyinin tələbənin təqaüd almamasında maddi marağı yoxdur. Qiymətlərin məqsədli şəkildə aşağı salınması və ya tələbələrin imtahandan qəsdən kəsilməsi halları baş verərsə, bu həm qanunsuz, həm də müəllim etikası baxımından qəbuledilməz sayılmalıdır".
Ekspert əlavə edib ki, əvvəlki illərlə müqayisədə ali məktəblərdə rüşvət halları ciddi şəkildə azalıb və bu mövzu artıq əvvəlki aktuallığını itirib. Bununla yanaşı, istisna halların mümkünlüyünü də istisna etməyib:
![]()
"Meşə çaqqalsız olmaz" misalında olduğu kimi, bəzi müəllimlər tələbə ilə intriqaya girir, onun cavablarını qiymətləndirməyə bilər və ya tələbənin davranışına görə qisas almağa çalışa bilər. Lakin belə yanaşma müəllimlik peşəsinə uyğun deyil. Müəllim üçün tədris prosesi ilə nizam-intizam məsələləri ayrıca qiymətləndirilməlidir. Tələbənin davranışı ilə bağlı problem yaranarsa, bu məsələ müvafiq intizam mexanizmləri vasitəsilə həll olunmalıdır, qiymətləndirməyə təsir göstərmək isə yolverilməzdir. İmtahanların bəzi universitetlərdə çətin, digərlərində isə nisbətən asan keçirilməsi normal haldır və bu, ümumi akademik yanaşma fərqləri ilə bağlıdır. Amma bir neçə tələbəyə xüsusi qisas xarakterli və ya şəxsi səbəblərlə balın aşağı salınması qanunsuzdur".
Ramin Nurəliyevin fikrincə, müəllimlər qiymətləndirmə zamanı yalnız müəyyən edilmiş akademik meyarlara əsaslanmalı, subyektiv yanaşmalardan uzaq durmalıdırlar. Bu yanaşma həm tələbə hüquqlarının qorunması, həm də ali təhsil sisteminə ictimai etimadın gücləndirilməsi baxımından vacibdir.
Türkan İsgəndərli
tag: Ramin Nurəliyev,təhsil eksperti,Tələbə,Təqaüd,Bal,Kəsr,Todaypress.tv,
