TƏCİLİ! Azərbaycanda repetitorluq ləğv olunur?
Elm və Təhsil
13.02.2026 12:51
"Bundan sonra repetitorluğun birdəfəlik ləğvi ümumiyyətlə mümkün deyil. Ancaq mərhələli şəkildə ləğv oluna bilər”.
Bu fikirləri TodayPress TV-yə açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
O bildirib ki, uzun illərdir ölkədə ali məktəblərə qəbul mexanizmi faktiki olaraq repetitorluq institutu üzərində formalaşıb:
"Repetitorlar sadəcə xidmət göstəriblər və bu xidmətin qarşılığını alırlar. İldən-ilə də qiymətlər artır. Digər tərəfdən, repetitorluq məktəbin nüfuzuna mənfi təsir göstərən amillərdən birinə çevrilir. Amma bu proses birdən-birə baş vermədi. Məktəbin nüfuzunun aşağı düşməsi və tədris prosesindəki boşluqlar repetitorluğa meydan verdi".
Onun sözlərinə görə, "təhsilin keyfiyyəti yüksəlsə, repetitorluğa ehtiyac qalmaz" fikri ümumi baxımdan doğru olsa da, bu yanaşma konkret addımlarla müşayiət olunmalıdır.
Ekspert imtahan suallarının məktəb proqramından kənar olması ilə bağlı səsləndirilən iddiaların da reallığı əks etdirmədiyini vurğulayıb:
"Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahan sualları başqa bir qalaktikadan gəlmir. Mərkəz Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi kurikulumun məzmun standartlarından kənara çıxmır və çıxa da bilməz. Suallar həmin standartlara uyğun hazırlanır. Sadəcə, bəzi məktəblərdə dərs prosesi həmin məzmun standartlarına uyğun qurulmadığı üçün ortada boşluq yaranır. Sonra da belə fikir formalaşır ki, guya suallar fərqli istiqamətdədir".
Rizvan Fikrətoğlu qeyd edib ki, repetitorluğun mərhələli şəkildə aradan qaldırılması üçün məktəblərdə tədrisin məzmun standartlarına uyğun təşkili, qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi və müəyyən güzəştlərin tətbiqi vacibdir. Əks halda, repetitorluğun tam ləğvindən söhbət belə gedə bilməz.
Türkan İsgəndərli
tag: Elmin Nuri,Ekspert,Repititor,Ləğv,Todaypress.tv,
