Süni intellekt müəllimi əvəz edə bilər? - Nazir açıqladı

Süni intellekt müəllimi əvəz edə bilər? - Nazir açıqladı
05.10.2026 10:57 Elm və Təhsil

"Süni intellektin Azərbaycan təhsilində tətbiqi, onun müəllim və şagird üçün hansı rolu daşıyacağı, eləcə də tədris prosesində qərarların qəbuluna təsiri müzakirə olunan əsas məsələlərdəndir".

TodayPress TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu”nda çıxışı zamanı deyib.

Nazir bildirib ki, süni intellekt artıq təhsil sahəsinə daxil olur və əsas məsələ onun tədris prosesində necə və hansı məqsədlə istifadə edilməsidir.

Onun sözlərinə görə, süni intellekti müəllimin əvəzedicisi kimi təqdim etmək düzgün yanaşma deyil. O qeyd edib ki, süni intellekt müəllim üçün köməkçi və əlavə imkan yaradan vasitə kimi çıxış edə bilər.

""Süni intellekt və yaxşı müəllim” yanaşması təhsilin keyfiyyətinin artırılması baxımından daha böyük imkanlar yarada bilər. Süni intellektdən istifadə müəllimlərin fəaliyyətinin müxtəlif komponentlərinin ölçülməsi, tədris prosesinin daha yaxşı təhlil edilməsi və şagird nəticələri ilə müəllim fəaliyyəti arasındakı əlaqənin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir".

Emin Əmrullayev xüsusilə qiymətləndirmə məsələsində ehtiyatlı olmağın vacibliyini qeyd edib. O bildirib ki, qiymətləndirmə mürəkkəb və müəyyən hallarda subyektiv proses olduğundan süni intellektin bu sahədə tətbiqi düzgün şəkildə qurulmalıdır.

Nazirin sözlərinə görə, süni intellekt müəllimin dərsi idarə etməsi, vaxtdan istifadəsi, şagird intizamının qorunması və digər fəaliyyət istiqamətləri üzrə məlumatların təhlilinə də imkan verə bilər. Bu isə hansı fəaliyyətlərin şagirdlərin öyrənmə nəticələrinə daha çox təsir etdiyini müəyyənləşdirməyə kömək edə bilər.

"Süni intellektdən düzgün istifadə edildiyi halda təhsil sistemində daha sürətli və əsaslandırılmış qərarların qəbuluna imkan yaranacaq. Texnologiyaların tətbiqində əsas məqsəd süni intellektdən istifadə etmək deyil, şagirdlərin nəticələrini və ümumilikdə təhsilin keyfiyyətini yüksəltmək olmalıdır".

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər