Gənclər gedirsə, gələcək itir: "Beyin köçü"nün qarşısını necə alaq?

Elm və Təhsil

17.02.2026 17:54

Son illərdə Azərbaycandan xaricdə təhsil almağa gedən gənclərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Bu, əlbəttə, bir sıra müsbət nəticələr doğurur, amma xaricdə təhsil almış gənclərin böyük hissəsi sonradan vətənə qayıtmaq istəmir. Nəticədə, bu, ölkədən kütləvi “beyin axını”na gətirib çıxarır. 

Bəs bunun qarşısını almaq üçün hansı real addımlar atılmalıdır?  

Sözügedən məsələ haqqında təhsil eksperti Elçin Əfəndi TodayPress TV-yə açıqalama verib. 

 

Onun sözlərinə görə, Azərbaycan gəncləri həm öz hesablarına, həm də dövlət proqramı vasitəsilə xaricə üz tuturlar. Son illərdə, 2022-2026-cı illəri əhatə edən dövlət proqramı 2028-ci ilə qədər uzadılıb. Bu proqramda xüsusi bir öhdəlik müəyyən edilib ki, xaricdə təhsil alan Azərbaycan vətəndaşları təhsilini başa vurduqdan sonra mütləq ölkəyə qayıtmalı və ən azı beş il müddətində ölkədə əmək fəaliyyəti göstərməlidir. Həmin şəxslərlə əmək müqaviləsi bağlanır və onlar dərhal təhsilini bitirdikdən sonra işə başlayırlar.

Ekspert qeyd edib ki, əvvəlki proqramlarda belə bir öhdəlik olmayıb və bunun nəticəsində xaricdə təhsil alanların bir qismi elə orada da qalıblar, bu da dövlət büdcəsinə ziyan vurub:

“Çünki dövlət büdcəsindən ayrılan maliyyə geri qayıtmırdı. Yeni proqramla isə bu məsələ nəzərə alınaraq, ölkəyə qayıtma öhdəliyi qoyulub”.

O, vurğulayıb ki, öz hesabına xaricdə təhsil almaq istəyən şəxslərin sonradan ölkəyə qayıtmaması "beyin axını" deyil, daha çox "iqtisadi axın" kimi qiymətləndirilə bilər. 

Çünki, bəzən aşağı nəticə göstərən abituriyentlər, məsələn, 50, 100, 150 bal toplayaraq xaricdə təhsil almağa üz tuturlar. Lakin yüksək nəticələr əldə edərək xaricdə təhsil almaq istəyənlərin gedişi “beyin axını" olaraq dəyərləndirilə bilər. 


"Bunun qarşısını almaq üçün müxtəlif tədbirlər görülə bilər. Birinci üsul ali təhsil müəssisələrində plan yerlərinin artırılmasıdır. Son illərdə, təhsil müəssisələrində yerlərin sayı artırılaraq, həmin şəxslərin ölkə universitetlərinə qəbul olunması asanlaşdırılacaq. Digər bir üsul isə peşə təhsili və orta ixtisas təhsilini təşviq etməkdir ki, bu sahələrdə təhsil alanlar da öz yerlərini tapacaqlar", - ekspert əlavə edib. 

E.Əfəndi sonda qeyd edib ki, yüksək bal toplayaraq xaricə təhsil almağa gedənlər (həm dövlət proqramı, həm də öz hesabına) üçün dövlət tərəfindən motivasiyaedici tədbirlər görülməlidir. Bunlar arasında güzəştli mənzillərin verilməsi, daha yaxşı iş təminatı və yüksək əməkhaqqı olan işlərin təklif edilməsi yer alır. Bu cür təşviqlərlə, yüksək təhsilini başa vuran gənclərin ölkədən getməsinin qarşısı alınmış olacaq.   

Jalə Rövşən

TodayPress TV

tag: Elçin Əfəndi,Təhsil eksperti ,Gənclər ,Gələcək,Todaypress.tv,