Elektron attestatlar qəbul edilmir? - Valideynlər narahatdır...

Elektron attestatlar  qəbul edilmir? - Valideynlər narahatdır...
12.08.2026 14:05 Elm və Təhsil

Bir çox valideynlər sosial mediada paylaşım edərək iddia edirlər ki, elektron formada verilən attestatlar bəzi qurumlar tərəfindən qəbul edilmir və apostil üçün kağız sənəd tələb olunur. Onların sözlərinə görə, bu hal xaricdə təhsil alacaq şagirdlərin sənədlərinin rəsmiləşdirilməsində vaxt itkisinə və əlavə çətinliklərə səbəb olur.

Bəs elektron attestatlar niyə qəbul edilmir? Problem necə həllini tapmalıdır?


Sözügedən məsələ ilə bağlı təhsil eksperti Əmrah Həsənli TodayPress TV-yə açıqlamasında bildirib ki, burada əsas məsələ elektron attestatın hüquqi qüvvəsinin olub-olmaması deyil, elektron sənədin xaricdə istifadə üçün hansı mexanizmlə təsdiqlənməsidir:

"Azərbaycan qanunvericiliyinə əsasən, təhsil haqqında dövlət sənədlərinin elektron formada yaradılması və təqdim edilməsi nəzərdə tutulub. Yəni elektron attestat kağız attestatın sadəcə skan edilmiş variantı deyil, dövlət informasiya sistemində yaradılan və həqiqiliyi elektron qaydada yoxlanıla bilən rəsmi sənəddir".

O qeyd edib ki, burada rəqəmsallaşma ilə ənənəvi apostil mexanizmi arasında texniki və hüquqi uyğunsuzluq yaranır:

"Dövlət bir tərəfdən sənədləri elektronlaşdırır, digər tərəfdən isə vətəndaş xaricdə təhsil üçün həmin sənədi apostillətmək istəyəndə kağız daşıyıcıya ehtiyac yaranırsa, bu, rəqəmsal transformasiyanın məntiqinə tam uyğun deyil".

Ekspert düşünür ki, məsələnin həlli üçün elektron attestatların apostillənməsi ilə bağlı ayrıca və aydın mexanizm yaradılmalıdır:

"Elektron sənəddə rəqəmsal imza, QR-kod və ya vahid elektron yoxlama sistemi vasitəsilə sənədin həqiqiliyinin birbaşa dövlət informasiya sistemindən yoxlanılması mümkün olmalıdır. Xarici ölkələrin aidiyyəti qurumları da bu elektron təsdiq mexanizmini qəbul etməlidirlər".

Mütəxəssis vurğulayıb ki, əgər vətəndaşın sənədi dövlət sistemində elektron formada mövcuddursa və onun həqiqiliyi saniyələr ərzində yoxlanıla bilirsə, həmin vətəndaşı yenidən məktəbə və ya digər quruma göndərib kağız sənəd almağa məcbur etmək əlavə bürokratik yük yaradır. Xüsusilə xaricdə təhsil almağa hazırlaşan şagirdlər üçün burada vaxt amili çox önəmlidir.

"Ona görə də mən hesab edirəm ki, bu məsələ “elektron attestat qəbul edilmir” formasında deyil, “elektron attestatın beynəlxalq dövriyyədə hüquqi təsdiqi hansı mexanizmlə həyata keçiriləcək?” formasında həll olunmalıdır. Dövlət qurumları arasında vahid mexanizm hazırlanmalı və vətəndaşdan eyni məlumatı həm elektron, həm də kağız formada təqdim etmək tələbi aradan qaldırılmalıdır", - ekspert fikrini tamamlayıb.

Qeyd edək ki, 2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri ilk dəfə olaraq elektron formatda təqdim olunur. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər