APİ Azərbaycandan ilk ixtira və iddia sənədini qeydiyyata aldı
Elm və Təhsil
12.03.2026 15:41
Avrasiya Patent İdarəsi (APİ) Azərbaycandan ilk ixtira və iddia sənədini qeydiyyata alıb.
Bu barədə TodayPress TV-yə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.
Bildirilib ki, artıq Azərbaycandan olan iddiaçılar artıq istənilən ixtira və ya sənaye nümunəsi üçün sənədlərini Avrasiya Patent İdarəsinə (APİ) elektron formada təqdim edə bilirlər.
APİ Avrasiya iddia sənədlərinin təqdim edilməsi üçün yeni yaradılan elektron xidmətindən istifadə olunmaqla Əqli Mülkiyyət Agentliyindən ilk müraciəti qəbul edib.
Bildirilib ki, milli prioritetə malik ixtira üçün Avrasiya iddia sənədi həmin gün Azərbaycan iddiaçıları tərəfindən PƏNAH milli elektron sisteminə inteqrasiya olunmuş Avrasiya iddia sənədlərinin elektron xidməti vasitəsilə təqdim edilib. Agentlikdə müvafiq yoxlamalardan keçdikdən sonra iddia sənədi avtomatik olaraq APİ-nə ötürülüb və idarənin daxili informasiya sistemlərində uğurla qeydiyyata alınıb.
Beləliklə, APİ-nin dəstəyi ilə Agentlikdə həyata keçirilən pilot layihəsi çərçivəsində yeni rəqəmsal xidmətin praktik tətbiqinə başlanılıb. Artıq Azərbaycandan olan iddiaçılar istənilən ixtira və ya sənaye nümunəsi üçün Avrasiya iddia sənədini APİ-nə elektron formada təqdim edə bilərlər.
Yeni xidmətin əsas xüsusiyyəti sistemlərarası inteqrasiya texnologiyasının geniş istifadəsidir: Agentliyin və APİ-nin informasiya sistemləri arasında onlayn formada əlaqə yaradılır və operatorun nəzarəti altında məlumat və elektron sənədlərin mübadiləsi aparılır. Bu xidmət materialların ötürülməsi üçün tələb olunan vaxtı minimuma endirir, yarana biləcək texniki səhvlərin qarşısını alır.
Avrasiya Patent Təşkilatının üzv-dövlətlərinin milli patent idarələri vasitəsilə Avrasiya iddia sənədlərinin elektron formada verilməsinin həyata keçirilməsi sənaye mülkiyyəti sahəsində vahid Avrasiya informasiya və patent məkanının qurulması çərçivəsində əsas informasiya texnologiyaları layihələrindən biridir.
tag: APİ,ƏMA,İxtira,Sənəd,Todaypress.tv,
