Zelenski ABŞ-yə müraciət etdi: Gözləməyə vaxt yoxdur...
ABŞ Dövlət Departamenti Ukraynaya 500 ədəd PAC-3 Patriot raketinin satışına icazə verib. Lakin bu qərar raketlərin yaxın vaxtlarda Kiyevə çatdırılacağı anlamına gəlmir.
TodayPress TV xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin satışla bağlı qərarını şərh edərkən bildirib ki, mövcud planlara əsasən, tədarüklər yalnız bir neçə ildən sonra başlaya bilər.
Zelenski 500 ədəd PAC-3 ələkeçirici raketin Ukraynanın hava hücumundan müdafiəsi üçün əhəmiyyətli olduğunu vurğulayıb. O bildirib ki, bu raketlər ölkəyə elə bu qış çatdırılsa, hava hücumlarından müdafiə imkanlarını ciddi şəkildə gücləndirə bilər.
Ukrayna Prezidenti ABŞ-dan tədarük məsələsinə yenidən baxılmasını istəyib:
"Beş yüz PAC-3 ələkeçirici əhəmiyyətlidir və tezliklə – bu qış – çox effektiv müdafiə paketi ola bilər. Bununla belə, tədarüklərin yalnız bir neçə ildən sonra başlaya biləcəyi müəyyən edilib. Biz amerikalı tərəfdaşlarımızdan real təhlükə və PAC-3 raketlərindən istifadəyə real ehtiyac olduğu halda dəqiq həll yolu tapmalarını xahiş edirik".
Mediada daha əvvəl raketlərin Ukraynaya tədarükünün 2030-cu ildən sonraya planlaşdırıldığı barədə məlumatlar yayılmışdı.
Məlumatlara görə, hazırda ABŞ-ın ehtiyatında təxminən 300 PAC-3 raketi qalıb. İllik istehsal gücünün isə 500-600 raket civarında olduğu bildirilir. Bu isə ABŞ-ın mövcud istehsal həcminin böyük hissəsini Ukraynaya yönəltməsini tələb edə bilər. Belə bir ssenarinin reallaşması isə hazırkı şəraitdə az ehtimallı görünür.