Polşadakı insidentlə bağlı 3 nəfər saxlanıldı
Polşanın paytaxtı Varşavada Konstitusiya Tribunalının binası qarşısında keçirilən aksiya zamanı baş verən insidentlərlə əlaqədar üç nəfər saxlanılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Polşa polisi məlumat yayıb.
Polisin bildirdiyinə görə, məhkəmənin binası qarşısında gərginlik yaşanıb, aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar atıblar. Hadisə yerində asayişin bərpası məqsədilə polis tədbirləri davam etdirib.
Hüquq-mühafizə orqanları üç nəfəri məhkəmənin ərazisinə qanunsuz daxil olmaqda şübhəli bilərək saxlayıb.
Qeyd edək ki, insident Konstitusiya Tribunalının rəhbərliyi ilə bağlı mübahisə fonunda baş verib. Hakim Anna Korvin-Piotrovska tribunalın sədri Boqdan Sventsçkovskinin və onun müavini Bartlomey Soxanskinin səlahiyyətlərini bir ay müddətinə dayandırıb və qurumun rəhbəri vəzifəsini öz üzərinə götürüb. O, bu qərarı parlament tərəfindən seçilmiş dörd hakimin ümumi iclasa buraxılmaması ilə əsaslandırıb. Sventsçkovski və Soxanski isə qərarın qanuniliyini mübahisələndirirlər.
Münaqişə Baş nazir Donald Tuskun rəhbərlik etdiyi hökumətlə Prezident Karol Navrotski və müxalif “Hüquq və Ədalət” (PiS) partiyası arasında ölkədə hüququn aliliyi və Konstitusiya Tribunalının idarə olunması ilə bağlı fikir ayrılıqlarının tərkib hissəsidir. Prezident Navrotski hadisələr fonunda Seneqala səfərini yarımçıq qoyaraq Varşavaya qayıdıb. O, ölkənin Konstitusiya Məhkəməsində yaranmış vəziyyətin həlli məqsədilə bütün siyasi qüvvələrin iştirakı ilə təcili müşavirə çağırıb.
Hökumət başçısı isə hüququn aliliyinin bərpası prosesinin çətin və bəzən ağrılı olduğunu bildirib.
Polşanın Çin və Rumıniyadakı səfirləri Yakub Kumox və Pavel Solox ölkədə Konstitusiya Tribunalı ətrafında yaranmış böhran fonunda istefa veriblər.
Xatırladaq ki, Polşada Konstitusiya Tribunalına rəhbərlik uğrunda siyasi-hüquqi qarşıdurma 2015-ci ildən davam edir. Həmin il hakimiyyətə gələn “Hüquq və Ədalət” partiyasının yeni hakimlər təyin etməsi məhkəmənin siyasiləşdirilməsi ilə bağlı mübahisələrə səbəb olub. 2023-cü ildə hakimiyyətə gələn Baş nazir Donald Tuskun rəhbərlik etdiyi koalisiya tribunalda islahatlar aparmağa çalışsa da, müxalifətin, daha sonra isə Prezident Karol Navrotskinin müqaviməti ilə üzləşib.