Yer üzündə maqnit qasırğası başladı
Dünya
15.02.2026 13:30
Fevralın 15-də Yer üzündə zəif maqnit qasırğası qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Məlumata görə, geomaqnit pozuntularına səbəb Günəşdə Yerə birbaşa istiqamətlənmiş tac dəliyindən gələn günəş küləyi axınları olub. Hadisənin pik nöqtəsi Moskva vaxtı ilə saat 05:00-da qeydə alınıb və qasırğa beşballıq şkala üzrə G1.3 səviyyəsinə çatıb.
Alimlərin proqnozuna əsasən, geomaqnit pozuntuları gözləniləndən təxminən bir sutka tez başlayıb və iki günə qədər davam edə bilər. Tədqiqatçılar qasırğanın orta səviyyəyə – G2-dən yuxarı həddə çatmasının az ehtimal olunduğunu bildiriblər.
Qeyd edək ki, G1 səviyyəli maqnit qasırğaları zəif kateqoriyaya aiddir və əsasən kosmik aparatların idarəetmə sistemlərinə cüzi təsir göstərə bilər. Həmçinin 60 dərəcəyədək yüksək enliklərdə yaşayan sakinlər belə hallarda qütb parıltılarını müşahidə edə bilərlər.
Xatırladaq ki, 2026-cı ilin yanvarında maqnit qasırğalarının rekord sayı qeydə alınmışdı. Həmin ay geomaqnit pozuntuları ümumilikdə 10 gün davam etmiş və bu göstərici 2017-ci ildən bəri maksimum hesab olunmuşdu.
Qiymət Mahir
tag: Yer ,Günəş,Rusiya Elmlər Akademiyası,Kosmik ,TodayPress TV,
