Yəməndə gərginlik: Cənub Keçid Şurasının lideri yoxa çıxdı
Dünya
07.01.2026 11:19
Yəməndə davam edən münaqişə fonunda Yəmənin Cənub Keçid Şurasının lideri Aydarus əl-Zubeydinin naməlum istiqamətə qaçdığı bildirilir.
TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, əl-Zubeydi onu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada aparmalı olan təyyarəyə minməyib.
Məlumata əsasən, Yəmən Prezident Şurasının üzvləri arasında gərginlik 2025-ci ilin dekabr ayından davam edir. Qarşıdurma Prezident Şurasının rəhbəri Rəşad əl-Əlimi ilə Aydarus əl-Zubeydi arasında yaranıb. Buna səbəb Cənub Keçid Şurasının ölkənin cənubunda, birləşmədən əvvəl mövcud olmuş müstəqil dövlətin bərpası planı çərçivəsində Hadramaut və Əl-Məhra əyalətlərinə nəzarəti ələ keçirməsi olub.
3 dekabr 2025-ci ildə Cənub Keçid Şurasının qüvvələri Yəmən ordusu ilə toqquşub və bundan sonra Hadramaut əyalətinə nəzarəti ələ keçirib. Daha sonra şura qüvvələri Omanla sərhəddə yerləşən Əl-Məhra əyalətini döyüşsüz şəkildə işğal edib.
Bu ərazilər üzərində nəzarətin gücləndirilməsi ilə Cənub Keçid Şurası təsir dairəsini altı əyalətə, eləcə də Yəmənin müvəqqəti paytaxtı olan Ədən şəhərinə qədər genişləndirib. Şura 1990-cı il 22 mayda Yəmənin şimalı ilə birləşmədən əvvəl mövcud olmuş Yəmən Xalq Demokratik Respublikasının bərpasını tələb edir və bu tələbləri 1994-cü il müharibəsindən sonra cənub əyalətlərinin sakinlərinin üzləşdiyi ayrı-seçkilik və zülmlə əsaslandırır.
Jalə Rövşən
tag: Yəmən ,Cənub Keçid Şurası, Ər-Riyad,Aydarus əl-Zubeydi,Todaypress.tv,
