Xamenei ABŞ-nin təhdidlərinə cavab verdi
Dünya
17.02.2026 15:19
İranın Ali Lideri Əli Xamenei ABŞ Prezidenti Donald Trampın İslam Respublikasını məhv edə bilməyəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, o , bunu "IRIB" televiziyasına verdiyi müsahibədə deyib.
"Tramp ABŞ-nin 47 ildir İslam Respublikasını məhv edə bilmədiyini söylədi. Bu, yaxşı bir etirafdır. Deyirəm ki, siz də edə bilməzsiniz", - deyə Xamenei qeyd edib.
Xamenei həmçinin əlavə edib ki, hətta amerikalıların öz ordusu hesab etdiyi "ən güclü ordu" belə, o qədər ağır zərbə ala bilər ki, bir daha özünə gələ bilməyəcək.
Xatırladaq ki, Tramp daha əvvəl İran ətrafında gərginləşən vəziyyət fonunda ABŞ Hərbi Dəniz Qüvvələrinin ikinci aviadaşıyıcı qrupunun tezliklə Yaxın Şərqə yola düşəcəyini açıqlamışdı.
Qeyd edək ki, fevralın 6-da ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "Abraham Linkoln" təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə qrupunun Ərəbistan dənizinə girdiyini bildirmişdi.
“The New York Times” qəzetinin məlumatına görə, Tramp İrana qarşı üç əsas tələb irəli sürüb: uran zənginləşdirilməsinə və mövcud ehtiyatlarının utilizasiyasına birdəfəlik son qoyulması, ballistik raketlərin mənzilinə və sayına məhdudiyyət qoyulması və Yəməndə fəaliyyət göstərən HƏMAS, "Hizbullah" və Husilər də daxil olmaqla Yaxın Şərqdəki proksi qruplara bütün dəstəyin dayandırılması.
Qeyd edək ki, fevralın 17-də Cenevredə ABŞ və İran arasında dolayı nüvə danışıqlarının ikinci turu başlayıb.
Jalə Rövşən
tag: İran , Əli Xamenei , ABŞ,Donald Tramp,Todaypress.tv,
