Türkiyə uşaqlar üçün sosial media məhdudiyyəti təklif edir
Dünya
08.04.2026 09:25
Türkiyə parlamenti 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışının məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsinə başlayıb.
TodayPress TV "Associated Press"ə istinadən xəbər verir ki, onlayn oyun şirkətlərindən yeni qaydalara əməl olunmasını təmin etmək üçün Türkiyədə rəsmi nümayəndə təyin etmələri tələb olunacaq.
Layihəyə əsasən, sosial media platformaları yaşın təsdiqlənməsi sistemlərini tətbiq etməli, valideyn nəzarəti alətləri təqdim etməli və zərərli hesab edilən məzmunlara dərhal reaksiya göstərməlidirlər.
Qaydalara əməl edilmədiyi təqdirdə platformalar bant genişliyinin məhdudlaşdırılması və cərimələr kimi sanksiyalarla üzləşə bilərlər.
Türkiyə hökuməti hesab edir ki, təklif müxtəlif təhdidlərdən və zərərli məzmunlardan qaynaqlanan onlayn riskləri azaltmaq, həmçinin uşaqların məxfiliyini qorumaq məqsədi daşıyır.
Bundan əvvəl, ötən ilin dekabrında Avstraliyada 16 yaşdan kiçik uşaqlar üçün oxşar məhdudiyyətlər qüvvəyə minib. Bu ilin mart ayında isə İndoneziya və Braziliyada bənzər təşəbbüslər qəbul edilib. İspaniya, Fransa və Böyük Britaniyada isə mövzu hazırda müzakirə mərhələsindədir.
Jalə Rövşən
tag: Türkiyə parlamenti ,Sosial media,Qanun,Məhdudiyyət ,Todaypress.tv,
