Trampın Qrenlandiya təhdidi Frederiksenin reytinqini artırdı
Dünya
29.01.2026 10:59
ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı təhdidləri Danimarka Baş naziri Mette Frederiksenin və Sosial Demokratların reytinqi yüksəldib.
TodayPress TV “Politico”ya istinadən xəbər verir ki, Frederiksenin rəhbərlik etdiyi mərkəz-sol Sosial Demokrat Partiyası yerli seçkilərdəki uğursuz çıxışdan bir neçə ay sonra, yanvar ayında dəstəyini əhəmiyyətli dərəcədə artırıb.
Analitiklər bunu Trampın aqressiv açıqlamalarına cavab olaraq “Danimarka suverenliyinin qətiyyətlə müdafiəsi” ilə izah edirlər.
“MegaFon” konsaltinq şirkətinin 20–22 yanvar tarixlərində mindən çox respondent arasında keçirdiyi sorğuya əsasən, Sosial Demokratlar 22,7 faiz dəstək qazanıb ki, bu da parlamentdə 41 mandat deməkdir. Müqayisə üçün, dekabrın əvvəlində partiyanın cəmi 32 yer əldə edəcəyi proqnozlaşdırılırdı.
Hakim koalisiya hələlik mütləq çoxluğu təmin etməsə də, Sosial Demokratlar yenidən parlamentdə ən böyük siyasi qüvvəyə çevrilir və hökumətin formalaşdırılmasında əsas rolu bərpa edir.
Frederiksenin partiyasının noyabr ayında keçirilən bələdiyyə seçkilərində məğlub olması fonunda reytinqlərin artması xüsusilə diqqətçəkən hesab olunur. Həmin seçkilərdə Sosial Demokratlar bir əsrdən sonra ilk dəfə Kopenhagen üzərində nəzarəti itirmişdi.
Koalisiya tərəfdaşlarının da mövqelərində irəliləyiş qeydə alınıb. Danimarkanın xarici işlər naziri Lars Løkke Rasmussenin rəhbərlik etdiyi Mötədil Partiyanın dəstəyi təxminən üç dəfə artaraq 2,2 faizdən 6,4 faizə yüksəlib. Voxmeter İnstitutunun keçirdiyi başqa bir sorğuda isə hökumətin ümumi dəstəyinin 40,9 faiz olduğu göstərilib ki, bu da son iki ilin ən yüksək göstəricisidir.
Politoloqlar bu artımı “bayraq ətrafında birləşmə” effekti ilə əlaqələndirirlər.
Qrenlandiyanın müdafiəsi məsələsində Frederiksen Trampın açıqlamalarından dərhal sonra Danimarka və Qrenlandiyanın mövqeyini açıq şəkildə müdafiə edib və adanın ABŞ tərəfindən ilhaqına razılıq verməyəcəyini bəyan edib. O, əvvəlcə Vaşinqtonu təhdidlərdən çəkinməyə çağırıb, daha sonra isə Kopenhagen NATO müttəfiqlərini Qrenlandiyanı müdafiə etməyə səsləyib.
Bu çərçivədə hərbi təlimlər keçirilib və mümkün qarşıdurmaya hazırlıq gücləndirilib. Frederiksen Trampın “Qrenlandiyanı almaq” ideyası gündəmə gələndə də adanın və onun əhalisinin satılmadığını açıq şəkildə bildirib.
Hazırda tərəflər Qrenlandiyanın suverenliyinə hörmət prinsipi əsasında danışıqlar aparır, ABŞ, Danimarka və adanın nümayəndələri Arktikada müdafiənin gücləndirilməsi ilə bağlı razılaşma əldə etməyə çalışırlar. Tramp isə Qrenlandiyaya iddialarını Çin və Rusiyanın bölgədə fəallaşmasının ABŞ-nin milli təhlükəsizliyinə təhdid yaratması ilə əsaslandırır.
Bir sıra ölkələr və NATO-nun baş katibi Mark Rutte ABŞ prezidentinin Arktika təhlükəsizliyi ilə bağlı narahatlıqlarının əsassız olmadığını qeyd edib.
Jalə Rövşən
tag: NATO,Qrenlandiya ,Donald Tramp ,Todaypress.tv ,Mette Frederiksen,
