Tramp Qrenlandiya ilə bağlı onu dəstəkləməyən ölkələri rüsumla hədələdi
Dünya
17.01.2026 11:30
ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın nəzarəti məsələsində Vaşinqtonla eyni mövqedə olmayan ölkələrə qarşı iqtisadi təzyiqlərin gündəmə gələ biləcəyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Ağ Evdə “Kənd Səhiyyə Xidmətləri” mövzusunda keçirilən dəyirmi masa toplantısında məlumat verib.
Ağ Ev lideri vurğulayıb ki, Qrenlandiyanın ABŞ-nin nəzarətinə verilməsi məsələsində uyğun mövqe nümayiş etdirməyən ölkələrə qarşı iqtisadi sanksiyalar, o cümlədən gömrük rüsumları tətbiq oluna bilər.
Tramp bildirib ki, bu üsul əvvəllər də müxtəlif sahələrdə müzakirə mövzusu olub və lazım gələrsə, Qrenlandiya məsələsində də istifadə edilə bilər.
ABŞ Prezidenti Qrenlandiyanın Vaşinqton üçün strateji əhəmiyyət daşıdığını xatırladaraq qeyd edib ki, milli təhlükəsizlik üçün Qrenlandiyaya ehtiyacı var.
Trampın bu fikirləri ABŞ Konqresindən olan nümayəndə heyətinin Kopenhagendə Danimarka və Qrenlandiya parlament üzvləri ilə ABŞ-nin Qrenlandiya tələbi mövzusunda danışıqlar apardığı vaxta təsadüf edib.
Aysel Mətləb
tag: ABŞ ,Tramp ,Qrenlandiya,Rüsum,Todaypress.tv,
