ABŞ Prezidenti Donald Trampın Qəzzada sülh planının ikinci mərhələsinin başladığını elan etdiyi açıqlandı.
TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, bu mərhələdə Qəzza zolağında radikal Fələstin qruplarının tərksilahı, texnokratik administrasiyanın yaradılması və bölgənin yenidən qurulması nəzərdə tutulur.
İsrail, birinci mərhələdə nəzərdə tutulan şərtlərin tam yerinə yetirilmədiyinə görə, planın ikinci mərhələsinə könülsüz razılıq verib. Xüsusilə, 7 oktyabr 2023-cü il qırğını zamanı öldürülmüş polis məmuru Ran Qvilinin cəsədinin qaytarılmaması məsələni gərginləşdirib.
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uikoff bildirib ki, ikinci mərhələ çərçivəsində Qəzza üçün Milli Qəzza İdarəetmə Komitəsi yaradılacaq, Fələstin qrupları silahsızlandırılacaq və bölgə yenidən qurulacaq.
HƏMAS və digər Fələstin qrupları bu mərhələyə keçidi dəstəklədiklərini açıqlayıb.
Qəzzanın yenidən qurulması və təhlükəsizliyinin təmin olunması üçün BMT mandatlı Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin dəstəyi planlaşdırılır.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri hələlik bölgədən geri çəkilməyib və ikinci mərhələnin yalnız simvolik təsir göstərə biləcəyi bildirilir.
Jalə Rövşən
