Tramp: "Qəzzada beynəlxalq qüvvələr çox yaxında fəaliyyətə başlayacaq"
Dünya
07.11.2025 15:57
ABŞ prezidenti Donald Tramp Qəzzada atəşkəsin qorunması və bölgədə sabitlik üçün yaradılması planlaşdırılan Beynəlxalq Sabitləşdirmə Qüvvələri (ISF) barədə açıqlama verib.
TodayPress TV "Haber Global"a istinadən xəbər verir ki, Ağ Evdə keçirilən C5+1 formatlı sammitdə Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan liderləri ilə görüşən Tramp, Qəzzada vəziyyətin “yaxşı irəlilədiyini” bildirib.
O, ISF-in quruda fəaliyyətə nə vaxt başlayacağı ilə bağlı suala “Çox yaxında başlayacaq. Qəzzada proses çox yaxşı gedir” cavabını verib.
Tramp region ölkələrinin iştirak etdiyi koalisiyanın davamlı olacağını vurğulayaraq, “Bu, müvəqqəti bir şey deyil. Çox güclü sülhdən danışırıq. Həmas bunun kiçik bir hissəsidir”, – deyə qeyd edib.
ABŞ rəhbəri, yaxın günlərdə Ağ Evdə ilk dəfə qəbul edəcəyi Suriya prezidenti Əhməd Şəra ilə İbrahim razılaşmalarının müzakirə olunacağını da bildirib. Tramp Şəra haqqında “çətin bölgədə yaxşı iş gördüyünü və onunla yaxşı münasibət qurduğunu” deyib.
O, Suriyaya qarşı sanksiyaların qaldırılması məsələsində irəliləyiş əldə olunduğunu, Türkiyə, İsrail və digər ölkələrin tələbi ilə sanksiyaların bir hissəsinin götürüldüyünü bildirib.
Jalə Rövşən
tag: Donald Tramp ,Qəzza,Atəşkəs, C5+1 formatlı sammit,Todaypress.tv,
