Tramp ABŞ-nin hərbi büdcəsinin artırılacağını açıqladı

Dünya

08.01.2026 10:00

ABŞ 2027-ci il üçün hərbi büdcədə əhəmiyyətli bir artım elan etdi ki, bu da son on ildə müdafiə xərclərinə ən böyük düzəliş olacaq.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, qərar ABŞ-nin müdafiə qabiliyyətinin gücləndirilməsi və müasir silahlı qüvvələrin formalaşdırılması məqsədi daşıyır.

Tramp 2027-ci il üçün hərbi büdcənin artırılması ilə bağlı açıqlama verərək bildirib ki, bu qərar senatorlar, konqresmenlər, nazirlər və digər siyasi nümayəndələrlə aparılan uzun və çətin danışıqlardan sonra qəbul edilib:

“Ölkəmizin rifahı naminə, xüsusilə də bu çox qarışıq və təhlükəli dövrlərdə 2027-ci il üçün hərbi büdcəmiz 1 trilyon dollar deyil, 1,5 trilyon dollar olmalıdır”.

Prezidentin sözlərinə görə, əlavə vəsait ABŞ-nin sözdə “xəyal ordusu”nu qurmasına və ölkənin istənilən təhdidlərdən qorunmasını təmin etməsinə imkan verəcək. O vurğulayıb ki, xərclərin artırılması milli təhlükəsizliyin gücləndirilməsinə və Amerikanın qlobal liderliyinin qorunmasına xidmət edir. 

Ağ Ev lideri, həmçinin qeyd edib ki, hərbi büdcədəki artım digər ölkələrə qarşı tətbiq edilən tariflər və onların gətirdiyi yüksək gəlirlər hesabına mümkün olub. Onun sözlərinə görə, bu maliyyələşmə daxili sosial proqramlara zərər vermədən müdafiə sahəsinə əhəmiyyətli vəsait ayırmağa şərait yaradıb.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Tramp,Büdcə,Artım,Todaypress.tv,