Tramp: "ABŞ İranla əməkdaşlıq edəcək"

Dünya

08.04.2026 16:24

ABŞ Prezidenti Donald Tramp sosial media platforması "Truth Social" üzərindən paylaşım edərək Vaşinqtonun İranla bağlı yeni mövqeyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, o, ABŞ-nin İranla sıx əməkdaşlıq etməyi planlaşdırdığını bildirib.

Onun sözlərinə görə, ölkədə uranın zənginləşdirilməsinə icazə verilməyəcək və ABŞ İranla birlikdə yeraltı nüvə obyektlərinin “təmizlənməsi” istiqamətində çalışacaq.

ABŞ prezidenti əlavə edib ki, bu obyektlər hücumdan əvvəl olduğu kimi hazırda da ciddi peyk nəzarəti altındadır və vəziyyətdə dəyişiklik yoxdur. O, həmçinin qeyd edib ki, Vaşinqton tariflərin və sanksiyaların yumşaldılması üçün Tehranla danışıqları davam etdirir və artıq 15 maddədən ibarət razılaşmanın bir çox bəndləri üzrə irəliləyiş əldə olunub.

Bir qədər sonra Tramp yeni paylaşım edərək xəbərdarlıq edib ki, İrana hərbi silah tədarük edən istənilən ölkəyə qarşı sərt iqtisadi tədbirlər görüləcək. O bildirib ki, belə ölkələrdən ABŞ-yə satılan bütün mallara 50 faiz tarif tətbiq olunacaq və bu qaydada heç bir istisna nəzərdə tutulmur.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,Tramp,İran,Əməkdaşlıq,Todaypress.tv,