Takaiçi seçkilərdə qalib gəldi

Dünya

08.02.2026 18:45

Yaponiyada parlament seçkilərində Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi hakim blok üstünlüyünü qoruyub.

TodayPress TV xarici KİV-ə istinadən  xəbər verir ki, bu barədə seçki komissiyalarının ümumiləşdirilmiş məlumatlarında qeyd olunub.

Yerli vaxtla saat 20:45-ə olan nəticələrə əsasən, hakim Liberal Demokrat Partiyası (LDP) parlamentdə 224 mandat, onun koalisiya tərəfdaşı olan “Yaponiyanın Yenilənməsi Cəmiyyəti” Partiyası isə 23 mandat qazanıb.

Beləliklə, Takaiçinin rəhbərlik etdiyi hakim blok Baş nazirin seçilməsi və dövlət büdcəsinin qəbul edilməsi kimi mühüm səlahiyyətlərə malik olan Aşağı Palatada (ümumilikdə 466 yer) çoxluğu saxlayıb.

Yaponiyanın NHK ictimai televiziyasının keçirdiyi exit-poll nəticələrinə görə, LDP təkbaşına parlamentdə çoxluğu (233-dən artıq yer) təmin edə bilər. Hakim blokun isə perspektivdə parlament yerlərinin üçdə ikisini qazanmaq ehtimalı olduğu bildirilir. Digər aparıcı media qurumlarının exit-poll nəticələri də oxşar proqnozlar irəli sürür.

Jalə Rövşən 

TodayPress TV 

tag: Yaponiya ,Sanae Takaiçi,Seçki komissiyaları,Liberal Demokrat Partiyası,Todaypress.tv,