Bakıda yeni park salınır - FOTOLAR
Paytaxtın Nəsimi rayonunda, 28 May küçəsində, “The Ritz-Carlton Baku” otelinə qədər uzanan və əvvəllər Vaqon təmiri müəssisəsinin yerləşdiyi ərazidə yeni park salınır.
TodayPress TV xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, layihələndirilən parkın ərazisi 10 hektara yaxındır. Xarici və təcrübəli yerli memarların birgə hazırladıqları layihəyə əsasən, hazırda ərazinin mərkəzindən keçən Hüseyn Rəsulbəyov küçəsindəki avtomobil yolu parkın şimal-qərb sərhədinə köçürüləcək.
Bundan başqa, 28 May və Hüseyn Rəsulbəyov küçələrinin kəsişməsindən parka keçid üçün yerüstü piyada körpüsünün tikintisi nəzərdə tutulub. Artıq layihə çərçivəsində yeraltı avtomobil dayanacağının inşasına başlanılıb.
Bildirilib ki, parkda müxtəlif yaş qrupları üçün idman və uşaq oyun meydançaları, tennis kortları, süni göllər, amfiteatr və su rezervuarları yaradılacaq. Ərazidə piyadaların təhlükəsiz hərəkəti üçün şərait qurulacaq, keçid meydançaları və velosiped yolları salınacaq, dekorativ daşlardan və qranit örtükdən istifadə ediləcək.
Qeyd edilib ki, layihəyə əsasən, parkın ərazisində geniş yaşıllıq sahələri yaradılacaq, yeni ağac və kollar əkiləcək, müxtəlif gül kompozisiyaları salınacaq.
Qurumdan bildirilib ki, yeni parkın salınması paytaxtın yaşıllıq sahələrinin genişləndirilməsi və Bakı şəhərinin parklar şəhərinə çevrilməsi istiqamətində görülən işlərin tərkib hissəsidir.