Rza Pəhləvi: "Britaniyanın Baş naziri Çemberlenin deyil, Çörçillin yolunu seçməlidir"
Dünya
09.04.2026 21:52
“Britaniyanın Baş naziri Kir Starmer İranın dinc sakinlərinin qorunmasından danışsa da, yanvar ayında 40 min günahsız iranlının qətlə yetirilməsinin qarşısını almaq üçün real addımlar atmayıb”.
TodayPress TV xəbər verir ki, İranın son şahının oğlu Rza Pəhləvi “X” sosial şəbəkəsində yazıb.
O bildirib ki, Birləşmiş Krallıq uzun illərdir ki, İranda hakim olan cinayətkar rejimə qarşı ardıcıl şəkildə güzəşt siyasəti yürüdüb. Onun sözlərinə görə, bu rejimin sona çatdırılması davamlı sülhə və regional sabitliyə gətirib çıxara bilər.
“Kir Starmer Çörçillin yolunu seçməlidir, Çemberlenin deyil. O, İran xalqının azadlıq uğrunda mübarizəsini dəstəkləməlidir. İran xalqı çətin günlərində kimin onların yanında olduğunu, kimin isə əleyhlərində dayandığını unutmayacaq. Hökumətin kursunu dəyişməsi üçün hələ də gec deyil”, - deyə Rza Pəhləvi qeyd edib.
O, həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunu məsuliyyətə cəlb etmək, qeyri-legitim rejimin səfirini ölkədən çıxarmaq və İran xalqına dəstək vermək üçün konkret addımlar atmağın vacibliyini vurğulayıb.
Aysel Mətləb
tag: Rza Pəhləvi,İran,SEPAH,Britaniya,TodayPress TV,
