Rusiyanın iç səsi: Uduzuruq!
Dünya
28.04.2026 22:25
“Təəssüf ki, biz hərbi məğlubiyyətə doğru gedirik. Bu, faktdır”.
TodayPress TV xəbər verir ki, bunu Ukraynanın Donbas bölgəsindəki separatçıların liderlərindən biri, qondarma "Donetsk Xalq Respublikası"nın ilk müdafiə naziri İqor Girkin-Strelkov Avropa İttifaqının (Aİ) Ukraynaya 90 milyard avro kredit ayırmasını şərh edərkən bildirib.

O vurğulayıb ki, Ukraynanın bu vəsaiti birdəfəlik və ya hissə-hissə əldə edəcəyi artıq o qədər də vacib deyil. Əsas məsələ odur ki, ölkə bu vəsaiti alacaq.
“Biz Avropaya qaz tədarük etməyə davam edəcəyik, Avropa isə Ukraynaya mərmilər və dronlar verməyə davam edəcək, onlar da bizim ərazilərimizə uçub partlayacaq. Eyni zamanda, Avropa bizim qazı nisbətən Amerika qazından daha ucuz alacaq. Bu qənaət hesabına isə Ukrayna üçün daha çox dron və mərmi istehsal edə biləcək”.
İqor qeyd edib ki, Avropanın bəzi ölkələrinə, düşərgə daxilindəki fikir ayrılıqlarına yaxud Macarıstan və Slovakiya kimi ölkələrin Rusiyanın dostu olacağına, həqiqətən kömək edəcəyinə inanmaq üçün güclü, cəsarətli və qətiyyətli olmaq lazımdır.
“Əgər bizə hörmət etmirlərsə, heç olmasa bizdən qorxmalıdırlar. Amma artıq heç kim bizə hörmət etmir və bizdən qorxmur. Nə Estoniya, nə Fransa, nə də Çexiya bizdən qorxur. Çexiyanın Xarici İşlər Nazirliyi Ukrayna üçün silah və sursat istehsal edən zavodların ünvanlarının dərc olunması ilə bağlı izahat tələb etmək üçün bizim səfirimizi çağırıb. Yəni bizdən gözlənilir ki, Çexiyada istehsal olunan silahlarla edilən hücumları səssizcə qəbul edək və bu zavodlara qarşı cavab vermə ehtimalını belə dilə gətirməyək”, - deyə o izah edib.
Aysel Mətləb
tag: Ukrayna,Rusiya,İqor Girkin-Strelkov,Avropa ,TodayPress TV,
