Rusiya Suriyanın Qamışlı hava limanından qoşunlarını çıxarır

Dünya

27.01.2026 12:53

Rusiya qoşunlarını Suriyanın şimal-şərqində yerləşən Qamışlı hava limanından geri çəkib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, son iki gün ərzində Qamışlıdan Rusiyanın “Hmeymim” aviabazasına hərbi texnika və ağır silahlar daşınıb. Bununla yanaşı, Qamışlı hava limanında Rusiya bayraqlarının hələ də dalğalandığı və uçuş-enmə zolağında Rusiya nişanları olan iki təyyarənin qaldığı "Reuters" müxbiri tərəfindən müşahidə edilib.

Eyni zamanda “Əl-Monitor” nəşri öz müxbirinin Qamışlıdakı Rusiya bazasında çəkildiyi iddia edilən video yayımlayıb. Görüntülərdə hərbçilərin geri çəkilərkən hava limanında qoyduğu əşyalar və rabitə qülləsinin üzərində dalğalanan Rusiya bayraqları əks olunub.

Qeyd edək ki, Qamışlı Suriyada yerləşən üç Rusiya bazasından biridir. Rusiya bu ərazidə qoşunlarını 2019-cu ildə yerləşdirib və Suriyada hakimiyyət dəyişikliyindən sonra da mövcudluğunu qoruyub, 2025-ci ilin yayında isə hətta hərbi iştirakını artırıb.

Aysel Mətləb

TodayPress TV

tag: Qamışlı,Suriya,Rusiya,Qoşun,Todaypress.tv,