Rusiya Ermənistandan cavab gözləyir
Rusiya Ermənistanın konsessiyasında olan iki dəmir yolu hissəsinin bərpası ilə bağlı təklifə İrəvanın cavabını gözləyir.
TodayPress TV xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, söhbət Yerasxdan (Arazdəyən) Naxçıvanla sərhədə qədər və Gümrüdən Türkiyə sərhədinə qədər olan dəmir yolu hissələrinin bərpasından gedir.
Overçuk qeyd edib ki, Rusiya Avrasiya İqtisadi İttifaqının hökumətlərarası şurasının iclasında hər iki hissənin bərpasını dəstəklədiyini açıqlayıb.
“Biz bu məsələdə Ermənistana kömək etməyə və Yerasxdan Naxçıvana qədər nəqliyyat bağlantısının təmin olunmasında, həmçinin Gümrüdən Türkiyə sərhədinə qədər olan hissənin bərpasında iştirak etməyə hazırıq”, – deyə o bildirib.
Rusiya Baş nazirinin müavini əlavə edib ki, bununla bağlı qərarlar hələ yanvar ayında Rusiya Prezidenti səviyyəsində qəbul edilib.
Overçuk yaxın vaxtlarda məsələnin irəlilədilməsi baxımından mühüm görüşlərin keçiriləcəyini gözlədiyini də bildirib.