İdman insanı necə xoşbəxt edir? - Psixoloji təsirləri araşdırıldı

İdman insanı necə xoşbəxt edir? - Psixoloji təsirləri araşdırıldı
19.11.2026 07:50 Dünya

İdmanla məşğul olmaq insanı yalnız sağlamlıq və hərəkətdən alınan zövq hesabına deyil, həm də özünü başqalarından geri qalmış hiss etməyi və ruh düşkünlüyünü azaltmaqla daha xoşbəxt edir. İdmanın müsbət təsirinin üçdə birindən çoxu məhz bu gizli psixoloji mexanizmlərlə bağlıdır.

TodayPress TV xəbər verir ki, bu nəticəyə Nankin Pedaqoji Universitetinin psixoloqları Çində yaşayan 6090 nəfərin cavablarını araşdırdıqdan sonra gəliblər.

Araşdırmanın məlumatları Çinin 28 əyalətini əhatə edən ümummilli sorğudan götürülüb. Yaşları 18-94 arasında dəyişən respondentlərdən fiziki məşqlərlə nə qədər tez-tez məşğul olduqları, özlərini nə dərəcədə xoşbəxt hiss etdikləri və hansı tezliklə ruh düşkünlüyü yaşadıqları soruşulub.

İştirakçıların orta yaşı 52 olub. Onların dörddə üçündən çoxu özünü kifayət qədər və ya tamamilə xoşbəxt hesab edib. Respondentlərin təxminən 37 faizi isə il ərzində heç bir fiziki məşqlə məşğul olmadığını bildirib. Gəlir, yaş, təhsil, sağlamlıq vəziyyəti və ailə vəziyyəti nəzərə alındıqdan sonra da xoşbəxtliklə fiziki aktivlik arasındakı əlaqə qorunub.

Cavabların ətraflı təhlili göstərib ki, fiziki məşqlər 62 faiz hallarda xoşbəxtliklə birbaşa əlaqəlidir. Bununla yanaşı, idmanın insanın xoşbəxtliyinə dolayı təsir göstərən mexanizmləri də müəyyən edilib.

Təxminən 19 faiz hallarda fiziki aktivlik insanın özünü başqalarından geri qalmış hiss etməsini azaldır. Bu, insanın öz həyatını başqalarının həyatı ilə müqayisə edərək daha pis yaşadığını düşünməsi ilə bağlıdır. Digər 17 faiz hallarda ruh düşkünlüyü azalır. Təxminən 3 faiz hallarda isə idman əvvəlcə insanın ətrafındakılardan geri qalmaq hissini zəiflədir, daha sonra xoşbəxtliyə birbaşa müsbət təsir göstərir.

Müəlliflər bu mexanizmləri idmanın sosial xarakteri ilə izah edirlər. Komanda şəklində məşqlər insanın idman qrupuna aidlik hissini gücləndirir. Bunun nəticəsində diqqət başqalarının uğurları ilə müqayisədən insanın öz töhfəsinə və nailiyyətlərinə yönəlir.

Özünəinamın artması, bədən üzərində nəzarət hissi və komanda yoldaşlarının dəstəyi də ruh düşkünlüyünün azalmasına kömək edir. Bununla yanaşı, fiziki hərəkət beynin əhval-ruhiyyəni tənzimləyən endorfin və dopamin maddələrinin ifrazını stimullaşdırır.

Aysel Mətləb

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər