Rumıniyada məcburi nikaha qadağa! - Qanun qəbul edildi
Rumıniya parlamenti məcburi nikah və birgə yaşayışa görə cinayət məsuliyyəti müəyyən edən, yetkinlik yaşına çatmayanların məcbur edilməsinə görə isə cəzaları sərtləşdirən qanun qəbul edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Adevarul” məlumat yayıb.
Qanun Rumıniya Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Sənəddə məcburi nikah və ya birgə yaşayış şəxsin nikaha daxil olmağa və ya ər-arvad münasibətlərinə bənzər münasibətdə birgə yaşamağa məcbur edilməsi kimi müəyyənləşdirilir.
16 yaşdan kiçik şəxslərə qarşı bu əmələ görə 2 ildən 7 ilədək həbs və müəyyən vəzifələrdə işləmək qadağası nəzərdə tutulur. Yetkin şəxslərə və 16 yaşdan yuxarı yetkinlik yaşına çatmayanlara qarşı törədildikdə isə 1 ildən 5 ilədək həbs cəzası tətbiq ediləcək.
Zərərçəkən şəxs təqsirləndirilən şəxsin himayəsində, qəyyumluğunda, tərbiyəsində, nəzarətində olduğu halda cəza ağırlaşdırılacaq. Həmçinin təqsirləndirilən şəxsin üzərində həyat, sağlamlıq və ya bədən toxunulmazlığı üçün təhlükə yarada biləcək silah, əşya, qurğu, maddə olduqda da cəza sərtləşdiriləcək.
Qanunla şəxsi nikaha və ya birgə yaşayışa məcbur etmək məqsədilə başqa dövlətə aparmaq və ya müşayiət etmək, eləcə də zərərçəkəni səfərə məcbur etmək və ya onun geri qayıtmasına mane olmaq da ayrıca cəzalandırılacaq.
Aysel Mətləb