Rubio Budapeştə gəldi: Nüvə sazişi imzalanacaq!

Dünya

16.02.2026 13:40

ABŞ dövlət katibi Marko Rubio bazar günü Budapeştə səfər edib.

TodayPress TV xəbər verir ki, o, Liszt Ferenc Beynəlxalq Hava Limanında Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin parlament dövlət katibi Levente Macar tərəfindən qarşılanıb.

Məlumata görə, bu gün Rubio Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto ilə görüşəcək. Tərəflər ABŞ və Macarıstan arasında nüvə energetikası sahəsində əməkdaşlığa dair saziş imzalayacaq, həmçinin ikitərəfli münasibətləri və Ukraynada sülhün bərqərar olunması imkanlarını müzakirə edəcəklər.

Daha sonra ABŞ dövlət katibini Baş nazir Viktor Orban qəbul edəcək. Görüşdə sülh təşəbbüsləri, danışıqlar prosesi və Macarıstan–ABŞ münasibətləri əsas mövzular olacaq.

Rubionun səfəri xüsusi əhəmiyyət daşıyır, çünki Macarıstanın “Sülh Şurası”nda mühüm rol oynayacağı gözlənilir. Viktor Orban ABŞ Prezidenti Donald Trampla yaxın münasibətlərə malikdir. ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə Macarıstan Baş nazirinə iki ay sonra keçiriləcək parlament seçkilərində dəstəyini ifadə edib və daha əvvəl Orbanın qeyri-qanuni miqrasiyanın qarşısının alınması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib.

Qiymət Mahir

tag: ABŞ , Marko Rubio,Budapeşt,Macarıstan ,TodayPress TV,