Qərb Rusiya–KXDR yaxınlaşmasından narahat olmalıdır – Oksford eksperti
Dünya
04.01.2026 18:10
“Avropanı Rusiya ilə KXDR arasında getdikcə möhkəmlənən münasibətlər ciddi şəkildə narahat etməlidir və Qərb bu iki dövlətin sıx əlaqələrinin yaratdığı təhlükəni görməzlikdən gələ bilməz”.
TodayPress TV xəbər verir ki, bu barədə Oksford Universitetinin Şimali Koreya üzrə eksperti Edvard Hauell Böyük Britaniyada nəşr olunan “The Spectator” jurnalında yazıb.
O bildirib ki, Ukraynadakı münaqişənin dinamikası bu il dəyişsə belə, Qərb Rusiya və KXDR arasında əlaqələrin yaratdığı artan təhlükəsizlik risklərini nəzərdən qaçıra bilməz.
Hauellin sözlərinə görə, 2025-ci il iki ölkə münasibətlərində “əhəmiyyətli dönüş nöqtəsi” olub, çünki tərəflər bir-birini rəsmi şəkildə müttəfiq adlandırıblar. Ekspert vurğulayıb ki, yaxın gələcəkdə Rusiya ilə Koreya Xalq Demokratik Respublikası arasında əməkdaşlığın daha da genişlənəcəyinə və dərinləşəcəyinə Qərb əmin ola bilər.
O qeyd edib ki, Pxenyan Seulu, Vaşinqtonu və onların müttəfiqlərini cilovlamaq niyyətini açıq şəkildə ifadə etdiyi bir vaxtda Qərb kənarda qala bilməz. Hauellin fikrincə, Britaniyanın yeni il vədlərindən biri Moskva, Pxenyan və Pekin arasında əlaqələrin güclənməsinə qarşı daha qətiyyətli mövqe nümayiş etdirmək olmalıdır. Onun sözlərinə görə, növbəti dəfə KXDR “yeni” raket sınağı keçirəndə və ya “yeni” silah təqdim edəndə, Rusiyanın bu prosesdə iştirak ehtimalı əvvəlkindən daha yüksək olacaq.
Xatırladaq ki, Yeni il münasibətilə KXDR rəhbəri Kim Çen In beynəlxalq əməliyyatlarda iştirak edən Koreya Xalq Ordusunun əsgər və zabitlərini təbrik edib. O bildirib ki, onların arxasında Pxenyan və Moskva dayanır və hərbçilərin fədakarlığı sayəsində KXDR ilə Rusiya arasında müttəfiqlik münasibətləri möhkəmlənir.
Qiymət Mahir
tag: Rusiya,KXDR ,Qərb,Oksford,Todaypress.tv,
